Regionların sosial-iqtisadi inkişafı hər bir ölkənin dayanıqlı və balanslaşdırılmış inkişafı üçün əsas şərtlərdən biridir. Bu inkişaf, bölgələr arasında fərqlərin azaldılması, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və yerli potensialın səmərəli istifadəsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan kimi inkişaf etməkdə olan ölkələr üçün regionların gücləndirilməsi strateji prioritetlərdən biridir. Son illərdə həyata keçirilən dövlət proqramları və təşəbbüslər bölgələrin infrastrukturunun yenilənməsi və iqtisadi aktivliyin artırılmasına xidmət edir. Bu cür təşviqedici tədbirlər regionlarda məşğulluğun artmasına, sahibkarlığın inkişafına və sosial rifahın yüksəlməsinə şərait yaradır.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Azər Badamov bildirib ki, hərtərəfli inkişaf konsepsiyasını prioritet sayan Azərbaycan dövləti üçün regionların bərabər sosial-iqtisadi inkişafı əsas məqsədlərdən biridir:
"Vacib amillərdən biri odur ki, burada müəyyən edilmiş bölgələr, lider bölgələr və problemli bölgələr təsnifatı mövcud deyil. Çünki cənab Prezident İlham Əliyev bildirir ki, Azərbaycan sadəcə Abşeron yarımadası və paytaxt Bakıdan ibarət deyil. Dövlət başçımızın yürütdüyü siyasət regionları paytaxta, paytaxtı da regionlara daha əlçatan edir, region əhalisinə paytaxt sakinlərinə verilən xidmətləri və yüksək həyat standartlarını təqdim edir. Atılan bütün addımlar müxtəlif regionlar arasında mövcud olan sosial və iqtisadi disbalansı aradan qaldırmağa xidmət edir. Regional siyasət ölkəmizin bütün regionlarını, şəhər və kəndlərini əhatə edir, iş yerlərinin yaradılmasına, biznesin rəqabət qabiliyyətinə, iqtisadi artıma, davamlı inkişafa və vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.
Dövlətimiz investisiyaları dəstəkləyir, kiçik və orta sahibkarlığın inkişafına, yerli istehsalın artırılmasına çalışır. Azərbaycanın regional siyasəti ölkəmizin hərtərəfli inkişafına, habelə regionda Azərbaycanın iqtisadi nöqteyi-nəzərdən statusunun daha da möhkəmləndirilməsinə xidmət edir. Regional siyasət, regionların sosial-iqtisadi inkişafı həm də demoqrafiya ilə də bağlıdır. Bu siyasət dünyada gedən maliyyə böhranının ölkəmizə təsirinin azaldılmasına xidmət edir.
Dövlət başçımızın bu dəfə də Yevlaxa səfər etməsi onu göstərir ki, yürüdülən aktiv beynəlxalq siyasətə paralel olaraq daxili siyasətdə də işlər sürətlə icra olunur. Məsələ həm də ondan ibarətdir ki, Qarabağın dirçəldilməsinə paralel olaraq digər regionlarımız da dövlətimizin, dövlət başçımızın diqqətindən kənarda qalmır".
Deputat qeyd edib ki, insanlarımızın sağlam həyat tərzi keçirməsi vacib amillərdən biridir:
"Bu gənc nəslin daha sağlam təməllər üzərində inkişafı deməkdir. Odur ki, cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində icra olunan Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanışlığı bu amala xidmət edir. Onu da nəzərə alsaq ki, III Müstəqil Dövlətlər Birliyi Oyunlarının 2025-ci ildə Azərbaycanda keçiriləcək bu kompleks Oyunlar zamanı boks idman növü üzrə yarışların təşkil edilməsində məkan kimi çıxış edəcək.
Səfər çərçivəsində dövlət başçımız Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış oldu. Şübhəsiz ki, yol vətəndaşlarımızın həyta səviyyəsinin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin nəzərə alınmalı bir digər amil də var ki, o da mövcud yolun beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu baxımdan yolun yüksək səviyyədə qurulması nəqliyyat qovşaqları üzərində yerləşən Azərbaycanın beynəlxalq daşımalarda rolunu daha da artırır.
Dövlət başçımızın regionlara bu səfəri çərçivəsində enerji amilinin üzərində xüsusi dayanıldığının şahidiyik. Buna görə də “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin və Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak ondan xəbər verir ki, Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi 60 il öncə tikilən “Yevlax” qovşaq yarımstansiyasının tələbatı ödəməməsi səbəbindən daha da aktuallıq qazanıb.
Yevlax pilot aqroparkının açılışı isə istehsal və ixrac pəncərələrinin daha geniş aralanmasına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına xidmət edəcək. İnverstorlar üçün şəffaf mühitin yaradılması, dövlət tərəfindən təqdim edilən stimullaşdırıcı addımlar regionların inkişafını daha da sürətləndirəcək. Daxili tələbatın ödənilməsi yeganə məqsəd deyil, həm də ölkəmizin ixrac potensialının möhkəmləndirilməsi əsas məsələdir ki, aqropark da bu istiqamətdə önəmli addımdır. Qeyri-neft sektorunun inkişafı, sənayeləşmə siyasətinin vacib komponenti kimi sənaye müəssisələrinin artırılması, yeni istehsal sahələri yaradılması özünü Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında göstərdi.
Bütövlükdə cənab Prezident İlham Əliyevin regionlara bu dəfəki səfəri də olduqca məhsuldar oldu. Bir daha sübut olundu ki, dövlət başçımızın yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahının daha da yaxşılaşdırılması dayanır".
Seyranə Quliyeva
6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb