Azərbaycançılıq ideyasının təbliği, milli birlik və milli kimliyin qorunmasında mühüm rol oynayır. Bu ideya, Azərbaycan xalqının tarixini, mədəniyyətini və dilini önə çəkərək, onun dünya mədəniyyətinə verdiyi töhfələri vurğulayır. Azərbaycanın multikultural dəyərlərini və müxtəlif etnik qruplar arasında harmoniyanı təbliğ etmək, bu ideyanın əsas məqsədidir. Azərbaycanın müstəqil və suveren dövlət kimi inkişafı, həmçinin ölkənin beynəlxalq münasibətlərdəki rolu, Azərbaycançılığın təbliği üçün mühüm məsələlərdəndir. Azərbaycançılıq ideyasının təbliği, gənc nəslin vətənpərvər ruhda yetişməsi, vətənə bağlılıq hissinin gücləndirilməsi üçün vacibdir. Bu ideya həm də sosial ədalət və iqtisadi tərəqqinin təmin olunmasında əsas amil olaraq çıxış edir. Nəhayət, Azərbaycançılıq, müxtəlif millətlərin və dinlərin bir arada yaşadığı ölkəmizin güclü və müqavimətli irsini daima qorumağı hədəfləyir.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Müşfiq Cəfərov deyib ki, müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı:
"Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mənəvi-ideoloji mexanizm oldu. Azərbaycançılıq təkcə dövlətimizin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Bundan sonra görülən davamlı tədbirlər sayəsində xalqın, milli dövlətimizin məfkurəsinə çevrilən azərbaycançılıq ideologiyası mənəvi-ideoloji müstəvidə milli inkişafın praktik modelinə çevrildi. Azərbaycançılıq real tarixi keçmişimizlə, milli mentalitetimizlə və mövcud dəyərlərlə sıx bağlı olduğundan qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul olundu".
Deputat qeyd edib ki, ən vacibi isə bu ideologiya siyasi mənsubiyyətindən və dini əqidəsindən asılı olmayaraq, bütün etnik qrupların, milli azlıqların hüquqlarını təsbit etdiyindən milli həmrəylik mənbəyinə çevrildi:
"Başqa sözlə, ictimai şüurun spesifik səviyyəsi kimi müstəqil Azərbaycan dövlətinin ideya əsasına və dünya azərbaycanlılarını birləşdirən milli məfkurəyə çevrilən azərbaycançılıq ideologiyası ölkədəki bütün konfessiya və etnosların həmrəylik və qarşılıqlı sivil şəkildə yaşamasını təmin edən ideoloji faktora çevrildi.
Dünyanın harasında olmasından, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan dövlətinin, dövlətçiliyinin güclənib, qüdrətlənməsi naminə çalışmalı, fəaliyyət göstərməli, əlindən gələni əsirgəməməlidir. Biz 44 günlük müharibə dönəmində də bunun şahidi olduq və gördük ki, bizim birliyimiz qələbəmizi şərtləndirən amillərdən oldu. Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir və məhz azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir".
Seyranə Quliyeva
6.3.9. Azərbaycançılıq ideyasının təbliği;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb