Gender bərabərliyi və demoqrafiya mövzuları, cəmiyyətin inkişafı və sosial ədalət anlayışları ilə sıx bağlıdır. Gender bərabərliyi, qadın və kişilərin hüquq və imkanlarda bərabər olmasını hədəfləyərkən, demoqrafiya isə əhalinin strukturu, artımı və dəyişikliklərini araşdırır. Hər iki sahə, iqtisadi və sosial məsələlərin təhlilinə yönəlir və cəmiyyətin hərtərəfli inkişafını təmin etmək üçün vacibdir. Bu mövzular arasındakı əlaqələr, siyasət və qərar qəbul etmə proseslərini formalaşdıran əsas faktorlar arasında yer alır.
Mövzu ilə bağlı Manset.az-a danışan deputat Müşfiq Məmmədli deyib ki, gender, ailə və demoqrafiya məsələləri, cəmiyyətin inkişafında, sağlam ailə və cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edən faktorlardır.
Deputat bildirib ki, Azərbaycandakı ailə modelini götürdükdə, ailənin cəmiyyətdə sosial münasibətləri tənzimləyən əsas struktur olduğunu görürük:
"Ailədən gələcək nəsil formalaşır və bu gələcək nəsil Azərbaycanın iqtisadi, siyasi, mənəvi inkişafında başlıca rol oynayacaq şəxslərin yetişdirilməsində əhəmiyyətlidir.
Ailə dəyəri həm də cəmiyyətin inkişaf növlərini və templərini müəyyənləşdirən bir faktordur. Eyni zamanda, o, xalqın və millətin mənəvi dəyərlərini təyin edən mühüm sosial struktur vahididir.
Sağlam ailənin formalaşması, uşaqların sağlamlığının qorunması və mənəvi inkişaflarının düzgün istiqamətləndirilməsi, təhsilin və cəmiyyət həyatında fəal rol oynayan fərdlərin yetişdirilməsi baxımından ailənin rolu çox mühümdür.
Ailə dəyərlərinin və sağlam ailə təməllərinin möhkəmləndirilməsi gender problemlərinin həllində də mühüm rol oynayır. Eyni zamanda, demoqrafik proseslərin düzgün idarə olunması bu əsasda formalaşır. Çünki Azərbaycan inkişaf edir – iqtisadiyyat güclənir, ölkə regionda önəmli söz sahibinə çevrilib. Fərqli sahələrdə, o cümlədən elm, istehsalat və səhiyyə sahələrində yeni inkişaf templəri, sağlam nəslin yetişməsini stimullaşdırır. Bununla yanaşı, demoqrafik artımın təmin edilməsi dövlətin əsas prioritetlərindən biridir. Dövlət, bu mexanizmlərdən istifadə edərək demoqrafik prosesləri nəzarətdə saxlayır, əhalinin artım templərinin davamlı olmasını təmin edir.
Ailənin sağlam təməllər üzərində qurulması, cəmiyyətdəki dəyişən proseslərə uyğunlaşması və milli-mənəvi dəyərlərə riayət edilməsi demoqrafik prosesləri də müsbət şəkildə təsir edir. Beləliklə, sosial dövlət modelinə uyğun şəkildə, Azərbaycan dövləti öz vətəndaşlarının rifahını artırır və demoqrafiyanı stimullaşdırır".
M.Məmmədli qeyd edib ki, gender bərabərliyi mövzusu, artıq Azərbaycanın digər ölkələrdən fərqlənən xüsusiyyətlərindən biridir və MDB məkanında da özünə məxsus yer tutur:
"Son dövrlərdə qanunvericilikdəki dəyişikliklər mühüm əhəmiyyət kəsb edir. Erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması üçün müxtəlif qanunvericilik tədbirləri həyata keçirilir. Bu, həmçinin maarifləndirmə və cəmiyyətdə müvafiq orqanların bu işə aktiv şəkildə cəlb olunması ilə daha da gücləndirilir. Nəticədə ailə dəyərləri və təməlləri möhkəmləndirilir.
Eyni zamanda, gender bərabərliyi insanın istismarının qarşısını almağa yönəlmiş addımların atılmasında dövlət öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Azərbaycanda, bəzi şərq ölkələrində olduğu kimi, qadınlara qarşı ayrı-seçkilik və hüquq məhdudiyyətləri yoxdur. Dövlətin yanaşması tamamilə fərqlidir və tarixən də qadına seçki hüququ verən ilk ölkə olmuşdur. Bu baxımdan, həm tarixi dəyərlər, həm də müasir dövrün tələblərinə uyğunlaşan Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar atır".
Seyranə Quliyeva
6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb