Azərbaycanda regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqamətində mühüm addımlar atılır. Son illər ərzində həyata keçirilən infrastruktur layihələri, sənaye parklarının və aqrar sahənin inkişafına dair dövlət proqramları regionlarda iş yerlərinin açılmasına və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına böyük təkan verib. İqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, yerli istehsalın dəstəklənməsi və yeni texnologiyaların tətbiqi sayəsində Azərbaycanın regionlarında iqtisadi canlanma müşahidə olunmaqdadır. Dövlətin regionlara ayırdığı maliyyə dəstəyi, xüsusən də kiçik və orta müəssisələrin inkişafı üçün sərf olunan vəsaitlər, əhalinin məşğulluğunu artıraraq iqtisadi sabitliyi gücləndirir. Bu cür təşəbbüslər, ölkənin hər bir bölgəsində sosial rifahın artmasına və ümumi iqtisadi inkişafın təmin olunmasına müsbət təsir göstərir.
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında Azərbaycanda bu istiqamətdə aparılan işlərdən danışıb.

“Regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet olaraq qalmaqdadır və bütövlükdə balanslı iqtisadi inkişafın formalaşması və bu istiqamətdə regionların dəstəklənməsi prioritetdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən proqramlar regionlarda infrastrukturun inkişafına və iqtisadi-inkişaf üçün infrastruktur ekosistemin formalaşmasına imkan yaratdı”.
Deputat bildirib ki, Cənab Prezidentin yeni təyin olunmuş icra başçıları ilə görüşündə vurğuladığı əsas məqam, regionların infrastrukturunun inkişafı və sərmayə cəlb edilməsi ilə iqtisadi dəyərin artırılmasıdır, bu da regionların davamlı inkişafına təkan verir:
“Cənab Prezidentin bir sıra yeni təyin olunmuş icra başçıları ilə görüşündə də qeyd etdiyi məqamlardan biri məhz rayonların mövcud infrastrukturunun inkişaf etmiş infrastrukturun eyni zamanda praktik olaraq bu kontekstdə iqtisadi dəyərə çevrilməsi və bu istiqamətdə daha çox sərmayenin cəlb edilməsi və regionların inkişafının daha yaxından dəstəklənməsi ilə bağlı idi. Getdikcə investisiya mühiti yaxşılaşır və bu da regionlara daha çox sərmayenin cəlb edilməsinə imkan yaradır. Ümumiyyətlə, regionların inkişafı birbaşa yuxarı sərmayənin həcmindən asılıdır. Daha çox sərmayə cəlb edən rayonlar daha da inkişaf edirlər. Praktik olaraq bunun üçün həm hüquqi baza var, həm də infrastruktur bazası var. Dövlət tərəfindən də bu istiqamətdə dəstəklənmə tədbirləri daim davam etdirilir”.
Fidan Vəlisoy
6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
