Azad olunmuş torpaqlarda həyat yenidən qurulur - “Böyük Qayıdış” davam edir

22:52 - 16 Mart 2026

Azad olunmuş torpaqlarda həyat yenidən qurulur - “Böyük Qayıdış” davam edir

İşğaldan azad olunmuş ərazilərdə həyat yenidən canlanır. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində doğma torpaqlarına qayıdan insanların sayı getdikcə artır, bölgələrdə müasir yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və infrastruktur layihələri sürətlə qurulur. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yalnız məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmir, eyni zamanda bu torpaqlarda dayanıqlı inkişaf və yeni həyatın əsasını yaradır.


Milli Məclisin deputatı Könül Nurullayeva Manset.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” proqramı hazırda dövlət siyasətinin ən mühüm prioritetlərindən biridir və proses mərhələli şəkildə uğurla davam edir: 


“Bu proqramın icrası nəticəsində  on minlərlə keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb. İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsi tikilərək və bərpa edilərək istifadəyə verilib. 2025-ci ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərə 20 mindən çox insanın qayıdışı təmin olunub, ümumilikdə isə həmin bölgələrdə yaşayan, işləyən, təhsil alan insanların sayı 80 mindən çoxdur. Yeni yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, yollar və digər sosial infrastruktur layihələri həyata keçirilir. Azad olunmuş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası uğurla tətbiq olunur, sənaye parkları və yeni iqtisadi zonalar yaradılır. Bu isə qayıdan insanların həm məşğulluğu, həm də dayanıqlı həyat qurması üçün imkan yaradır.

Bu proses təkcə məcburi köçkünlərin qayıdışı deyil, həm də Qarabağın və Şərqi Zəngəzurun tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyması deməkdir. Qısa müddətdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin gücünü və siyasi iradəsini göstərir”. 


Deputat qeyd üdib ki, doğma yurdlarına qayıdan insanların əhval-ruhiyyəsi, ümumilikdə, çox yüksək və qürurvericidir: 


“Onların böyük hissəsi uzun illər doğma torpaqlarına qayıtmağı arzulayıb və bu arzu artıq reallığa çevrilir. Bir çox ailələr üçün bu, 30 ilə yaxın davam edən həsrətin sona çatması deməkdir.

Yeni qurulan şəhər və kəndlərdə müasir yaşayış şəraitinin qurulması,  məktəblərin, tibb məntəqələrinin və iş yerlərinin açılması insanların gələcəyə daha böyük inamla baxmasına səbəb olur. Sosial dəstək mexanizmlərinin tətbiqi də bu prosesi daha rahat və təhlükəsiz edir.

Öz yurduna qayıdan insanların hisslərində sevinc, qürur və məsuliyyət hiss olunur. Çünki onlar yalnız öz evlərinə qayıtmırlar, həm də Qarabağın yenidən dirçəlməsi və inkişafında iştirak edən ilk sakinlər olurlar.

Bu baxımdan “Böyük Qayıdış” həm humanitar, həm də tarixi ədalətin bərpası baxımından Azərbaycan üçün son dərəcə mühüm əhəmiyyət daşıyır”, - deyə Könül Nurullayeva fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy 

6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az