“Müasir dünyada demokratik dövlətin əsas göstəricilərindən biri insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksək səviyyədə formalaşdırılmasıdır. Azərbaycan Respublikasında bu istiqamət dövlət siyasətinin prioritet sahələrindən biri kimi müəyyən edilib. Bu siyasətin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir. Konstitusiyanın 12-ci maddəsində açıq şəkildə qeyd olunur ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu prinsip Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğu yolunu seçdiyini təsdiqləyir”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova Manset.az-a açıqlamasında deyib.

“Buraya yaşamaq hüququ, azadlıq hüququ, söz və fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq hüququ, təhsil hüququ, əmək hüququ və digər fundamental hüquqlar daxildir. Bu hüquqların təmin olunması yalnız normativ sənədlərlə məhdudlaşmır, eyni zamanda onların real həyata tətbiqi üçün institusional mexanizmlər də formalaşdırılıb.
Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə ilk növbədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi diqqət mərkəzində olub. Məhkəmələrin fəaliyyətinin şəffaflığının artırılması, elektron məhkəmə sisteminin tətbiqi, vətəndaşların ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu tədbirlər vətəndaşların hüquqlarının daha operativ və ədalətli şəkildə müdafiə olunmasına xidmət edir.
Eyni zamanda, hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə gücləndirilib, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər görülüb. İctimai asayişin qorunması, hüquq pozuntularının qarşısının alınması və qanunun aliliyinin təmin olunması məqsədilə müasir idarəetmə və nəzarət mexanizmləri tətbiq edilir. Bu sahədə aparılan islahatlar vətəndaşların dövlətə olan etimadının artırılmasına müsbət təsir göstərir. Dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir. Bu istiqamətdə qanunvericilik bazası təkmilləşdirilib, dövlət xidmətlərinin şəffaf və əlçatan formada təqdim olunması təmin edilib. Xüsusilə “ASAN xidmət” modelinin tətbiqi və genişləndirilməsi dövlət xidmətlərində şəffaflığın və operativliyin artmasına səbəb olub. Bu model vətəndaş məmnunluğunun yüksəldilməsi və bürokratik maneələrin aradan qaldırılması baxımından mühüm rol oynayır. Sosial hüquqların təmin olunması istiqamətində də genişmiqyaslı proqramlar həyata keçirilir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq proqramlarının həyata keçirilməsi və minimum əməkhaqqının artırılması kimi tədbirlər vətəndaşların sosial hüquqlarının təmin olunmasına xidmət edir. Dövlət tərəfindən sosial təminat sisteminin təkmilləşdirilməsi və ünvanlı sosial yardım mexanizminin inkişaf etdirilməsi də bu sahədə atılan mühüm addımlardandır. Təhsil sahəsində həyata keçirilən islahatlar vətəndaşların hüquqi və siyasi mədəniyyətinin formalaşmasına mühüm təsir göstərir. Yeni təhsil proqramlarının tətbiqi, ali təhsil imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi vətəndaşların bilik səviyyəsinin yüksəlməsinə şərait yaradır. Hüquqi maarifləndirmə tədbirləri, media və ictimai kampaniyalar vasitəsilə vətəndaşların öz hüquqları haqqında məlumatlılığı artırılır”.
Deputat qeyd edib ki, bu istiqamətdə dövlət siyasətinin formalaşdırılmasında və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu olub:
“Məhz Ulu Öndərin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətində hüquqi dövlət quruculuğunun əsasları qoyulub, insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. 1995-ci ildə qəbul olunmuş Konstitusiyamız dahi liderin siyasi iradəsinin və uzaqgörən dövlətçilik strategiyasının bariz nümunəsidir. Ümummilli Lider Heydər Əliyev daim vurğulayırdı ki, hüquqi dövlətin möhkəmlənməsi və vətəndaş cəmiyyətinin inkişafı üçün insan hüquqlarının təmin olunması əsas şərtdir. Onun təşəbbüsü ilə hüquqi islahatların əsası qoyulub, məhkəmə-hüquq sistemi yenidən qurulub, qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni zamanda, hüquqi maarifləndirmə, vətəndaşların hüquq düşüncəsinin formalaşdırılması və dövlət-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması istiqamətində mühüm addımlar atılıb.
Ümummilli Liderin siyasi kursu bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müasir Azərbaycanın hüquqi inkişafının ideoloji təməlini təşkil edir. Ölkə başçımız çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə islahatlar davamlı xarakter daşıyır. Onun rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, sosial proqramlar və institusional dəyişikliklər hüquqi dövlətin möhkəmləndirilməsinə yönəlib. Cənab Prezident İlham Əliyevin imzaladığı bir sıra fərman və sərəncamlar vətəndaşların hüquqlarının müdafiəsinin gücləndirilməsinə xidmət edir”.
Parlamentari onu da söyləyib ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritetlərindən biridir:
“Gənclərin təhsili, məşğulluğu və ictimai həyatda iştirakı üçün geniş imkanlar yaradılıb. Müxtəlif gənclər təşkilatlarının fəaliyyəti, könüllülük hərəkatının inkişafı və dövlət proqramlarının icrası gənclərin fəallığının artmasına səbəb olub. Xüsusilə son illərdə könüllülük fəaliyyətinin genişlənməsi gənclərin sosial məsuliyyət hissinin formalaşmasına müsbət təsir göstərib. Bununla yanaşı, gənclərin siyasi fəallığının daha da artırılması üçün onların siyasi proseslərdə iştirak imkanlarının genişləndirilməsi, hüquqi və siyasi maarifləndirmənin gücləndirilməsi vacibdir. Gənclərin tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsi və onların qərar qəbul etmə proseslərində daha fəal iştirakı demokratik cəmiyyətin inkişafına mühüm töhfə verə bilər”.
S.Salmanova onu da bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində güclü hüquqi baza və institusional mexanizmlər mövcuddur:
“Dövlət tərəfindən həyata keçirilən islahatlar və proqramlar bu sahənin inkişafına müsbət təsir göstərir. Bununla belə, hüquqi dövlət quruculuğu davamlı prosesdir və bu istiqamətdə işlər daim təkmilləşdirilməlidir. Vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi, gənclərin fəallığının artırılması və dövlət-vətəndaş münasibətlərinin gücləndirilməsi Azərbaycanın davamlı inkişafının əsas şərtlərindən biridir”.
Fidan Vəlisoy
6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi
mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
