8 aprel tarixində Medianın İnkişafı Agentliyində Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Manset.az xəbər verir ki, görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan ilə Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edərək, media sahəsində tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, bu istiqamətdə qabaqcıl təcrübələrin tətbiqi, media savadlılığı və dezinformasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin gücləndirilməsi, informasiya mühitində keyfiyyət və etibarlılığın qorunması, eləcə də müasir çağırışlara uyğun çevik və effektiv mexanizmlərin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rustam Ali müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında təcrübə mübadiləsinin təşkili, birgə layihələrin icrası, eləcə də saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizə məsələlərinə diqqət çəkib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və media mühitində dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Qazaxıstan Respublikasının xarici işlər nazirinin müşaviri Alişer Askaroviç Suleymenov bildirib ki, rəqəmsallaşma dövründə media sahəsində koordinasiyalı fəaliyyət və birgə təşəbbüslər daha dayanıqlı və təhlükəsiz informasiya mühitinin formalaşmasına xidmət edir. O, həmçinin qarşılıqlı etimadın artırılması və ortaq kommunikasiya platformalarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.