Ətraf mühitin qorunması - Azərbaycanın ekoloji gələcəyi

20:00 - 28 Aprel 2026

Ətraf mühitin qorunması - Azərbaycanın ekoloji gələcəyi

Ekologiya və ətraf mühitin qorunması, Azərbaycanda son illərdə getdikcə daha çox diqqət mərkəzinə çevrilir. Təbiətin tələbatlarına uyğun şəkildə inkişaf edən ölkə, eyni zamanda ətraf mühitin mühafizəsinə dair böyük addımlar atır. Dövlətin və qeyri-hökumət təşkilatlarının təşəbbüsləri ilə həyata keçirilən layihələr, ekoloji problemlərin həllinə yönəlmiş ardıcıl və davamlı tədbirlərlə müşayiət olunur. Bu sahədə ən böyük problemlərdən biri, ətraf mühitin çirklənməsi və resursların israfıdır. Lakin son zamanlar ekoloji təhsilin artırılması, bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi və meşə ekosistemlərinin qorunması kimi mühüm təşəbbüslərlə bu çətinliklərə qarşı mübarizə aparılır. Lakin hələ də ölkə ərazisində bir çox ekoloji məsələlər diqqət tələb edir və bunun üçün uzunmüddətli strateji yanaşmalar vacibdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Manset.az-a açıqlamasında bildirib ki, ekoloji problemlər bütün dünyada olduğu kimi Azərbaycanda da əsas prioritet mövzulardan biridir. Bu istiqamətdə Azərbaycan bir çox mühüm addımlar atır:


“Müasir dövrdə ətraf mühitin mühafizəsi sahəsində bir sıra ciddi çağırışlar mövcuddur. İqlim dəyişikliyi bu çağırışların ən əsaslarından biri olub, temperatur artımı və ekstremal hava hadisələrini gücləndirir.

Hava və su çirklənməsi insan sağlamlığı və ekosistemlər üçün böyük risk yaradır. Bunun da əsas mənbəyi sənaye müəssisələridir. Biz bilirik ki, sənaye müəssisələrindən çox güclü çirkləndiricilər ətraf mühitə daxil olur. Bunlar ağır metallar, xüsusi üzvi birləşmələr, kükürd-azot birləşmələri və s.-dir. Bunlar həm havanın, həm suyun, həm də torpağın keyfiyyətinə təsir edir. Təbii ki, çirkli havada nəfəs alan insanlar daim müxtəlif xəstəliklərlə, allergiyalarla üzləşirlər. Bundan başqa atmosferə buraxılan istixana qazları, nəticəsində həm də planetimizin iqliminin istiləşməsi baş verir ki, bu da öz növbəsində temperaturun qalxmasına, yağıntıların azalmasına, su ehtiyatlarının azalmasına və nəticə etibarı ilə ərzaq istehsalının azalmasına gətirib çıxarır. Bununla da iri şəhərlərdə yaşamaq getdikcə çətinləşir”.

Ekoloq qeyd edib ki, keyfiyyətli suya çıxışın azalması da əsas və diqqət tələb edən ekoloji problemlərdəndir. Məhz bu ekoloji problemə görə, yaşayış standartları və şəraiti getdikcə daha da ağırlaşır, bu da həyat keyfiyyətinə, insanların işgüzarlığına, həyat tərzinə mənfi təsir edir:

“Eyni zamanda, torpaq deqradasiyası və biomüxtəlifliyin azalması təbii resursların davamlılığını zəiflədir. Bu problemlərin həlli üçün bərpa olunan enerji mənbələrinin inkişafı və emissiyaların azaldılması vacibdir. Həmçinin tullantıların düzgün idarə olunması və dairəvi iqtisadiyyatın tətbiqi mühüm rol oynayır.

Azərbaycanda əsas ekoloji risklərdən biri neftlə çirklənmiş torpaqlardır, xüsusilə, bu Abşeron yarımadasında müşahidə olunur. Bundan əlavə, su qıtlığı və suyun keyfiyyətinin pisləşməsi ölkə üçün ciddi problemdir.

Hava çirklənməsi və tullantıların idarə olunmaması da urban ərazilərdə vəziyyəti ağırlaşdırır. Bu istiqamətdə çirklənmiş ərazilərin təmizlənməsi, su resurslarının effektiv idarə olunması və ekoloji siyasətlərin gücləndirilməsi əsas tədbirlər kimi çıxış edir”, - deyə Rövşən Abbasov sözlərinə əlavə edib.

 

Fidan Vəlisoy

6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az