logo
logo logo
logo

Gələcəyin təminatı - Sağlam ailə modeli 

15:15 - 27 İyun 2026

Gələcəyin təminatı - Sağlam ailə modeli 

Ailə cəmiyyətin təməlidir. Məhz sağlam ailə münasibətləri, gender bərabərliyinin təmin olunması və dayanıqlı demoqrafik inkişaf güclü cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Son illər bu istiqamətdə həyata keçirilən layihələr və maarifləndirici təşəbbüslər ailə institutunun möhkəmlənməsinə, qadın və kişilər üçün bərabər imkanların genişlənməsinə, eləcə də sağlam demoqrafik göstəricilərin qorunmasına əhəmiyyətli töhfə verir.


Milli Məclisin deputatı Müşfiq Məmmədli Manset.az-a açıqlamasında bildirib ki, gender, ailə və demoqrafiya məsələləri cəmiyyətin gələcəyini müəyyən edən strateji mövzulardır: 


“Son illər Azərbaycan mediasında bu istiqamətdə maarifləndirici materialların sayı artsa da, hesab edirəm ki, hələ də bu məsələlərin daha peşəkar, elmi əsaslara söykənən və balanslı şəkildə işıqlandırılmasına ehtiyac var. Bəzən mövzu yalnız sensasiya doğuran hadisələr və ya məişət münaqişələri kontekstində təqdim edilir. Halbuki ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyi, əhali artımı, miqrasiya, yaşlanma və gənclərin sosial rifahı kimi məsələlər dövlət siyasətinin mühüm istiqamətləridir və mediada da bu prizmadan təqdim olunmalıdır.

Bu mövzular işıqlandırılarkən ilk növbədə dəqiq statistik məlumatlara, elmi araşdırmalara və rəsmi mənbələrə istinad edilməlidir. Ayrı-ayrı hadisələrin ümumiləşdirilərək cəmiyyət haqqında yanlış təsəvvür yaratmasına yol verilməməlidir. Gender bərabərliyi anlayışı milli-mənəvi dəyərlərlə qarşıdurma kimi deyil, qadın və kişinin hüquq və imkanlarının bərabər təmin olunması, ailənin sağlam inkişafı və sosial ədalətin vacib elementi kimi izah edilməlidir. Eyni zamanda, ailə dəyərlərinin, valideyn məsuliyyətinin, sağlam həyat tərzinin və uşaqların hüquqlarının təbliği mediada davamlı xarakter daşımalıdır”.

Deputat qeyd edib ki, demoqrafik dəyişikliklər isə dövlət siyasətində yeni yanaşmaları zəruri edir. Əhalinin yaş strukturunda dəyişikliklər, urbanizasiya, daxili miqrasiya, doğum səviyyəsinin dinamikası və əmək bazarının tələbləri sosial siyasətin daim yenilənməsini tələb edir: 

“Gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, mənzil əlçatanlığının artırılması, keyfiyyətli məktəbəqədər təhsilin genişləndirilməsi, reproduktiv sağlamlığın qorunması, analıq və uşaqlığın müdafiəsi, həmçinin yaşlı əhali üçün sosial və tibbi xidmətlərin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Həkim və millət vəkili olaraq hesab edirəm ki, sağlam ailə sağlam cəmiyyətin əsasını təşkil edir. Ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin düzgün anlaşılması və demoqrafik proseslərin elmi əsaslarla idarə olunması Azərbaycanın dayanıqlı inkişafı, milli təhlükəsizliyi və gələcək insan kapitalının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Media isə bu prosesdə sadəcə informasiya yayan vasitə deyil, həm də cəmiyyətin düşüncəsini formalaşdıran mühüm tərəfdaş kimi böyük məsuliyyət daşıyır”, - deyə M.Məmmədli fikirlərinə əlavə edib. 


Fidan Vəlisoy 

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az