Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Ölkədə milli mətbuatın əsası qoyulduğu gündən ötən 151 il ərzində Azərbaycan mediası böyük inkişaf yolu keçərək regional və beynəlxalq informasiya məkanının mühüm iştirakçılarından birinə çevrilib. Son illər Şuşa Qlobal Media Forumunun ənənəvi platformaya çevrilməsi isə Azərbaycanın qlobal media dialoqunun əsas ünvanlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Dünyanın onlarla ölkəsindən media nümayəndələrini, ekspertləri və rəsmi şəxsləri bir araya gətirən forum beynəlxalq əməkdaşlığın genişlənməsinə, informasiya mübadiləsinin güclənməsinə və yeni tərəfdaşlıqların formalaşmasına mühüm töhfə verir. Milli Mətbuat Günündə Azərbaycanın müasir media siyasəti və Şuşa Qlobal Media Forumu ölkənin informasiya diplomatiyasının uğurlu nümunələrindən biri kimi xüsusi diqqət çəkir.
Mətbuat Şurası İdarə heyətinin sədri, əməkdar jurnalist Azər Həsrət Manset.az-a açıqlamasında bildirib ki, Şuşa Qlobal Media Forumu həm Azərbaycan media nümayəndələri, həm də dünya ölkələrinin nümayəndələri üçün olduqca əhəmiyyətli bir platformadır:

“Hər şeydən öncə xüsusilə vurğulamaq istərdim ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın uzun müddət gündəmdə qalması baxımından əlamətdardır. Həqiqətən də, həm o foruma gələn 53 ölkənin təmsilçiləri, həm də bütövlükdə Prezident İlham Əliyevin özünün orada iştirakı, suallara cavab verməsi uzun müddət Azərbaycanın dünya gündəmində qalmasına gətirib çıxardı. Mən özüm xarici medianı yaxından izləyən birisi kimi deyə bilərəm ki, xüsusilə də, Prezident İlham Əliyevin suallara verdiyi cavablar müzakirə mövzusu oldu, dünyanın ən aparıcı media qurumları Prezident İlham Əliyevdən sitatlar gətirdilər, onun haqqında, Şuşa haqqında, Azərbaycan haqqında danışdılar. Yəni, bu baxımdan Şuşa Qlobal Media Forumu olduqca əhəmiyyətli bir platformadır, Azərbaycan üçün tapıntıdır və əlbəttə ki, çox uğurlu bir tapıntıdır. Şuşa Qlobal Media Forumu və bənzər platformalar, bir qayda olaraq, işbirliyi üçün əlavə imkanlar deməkdir. Şəbəkələşmə, yeni dostlar qazanmaq, ümumiyyətlə, dünyaya açılmaq baxımından bu cür platformalar ələ düşməz imkanlar yaradır. O baxımdan düşünürəm ki, Azərbaycandan olub həmin forumda iştirak etmiş bizim həmkarlarımız, bloqerlər və s., əlbəttə ki, bu fürsəti fövtə verməməlidirlər. Onlar çalışmalıdırlar ki, orada qazandıqları yeni tanışlıqlar və dostluqlar gələcəkdə də Azərbaycanın faydası üçün işə yarasın”.
Əməkdar jurnalist qeyd edib ki, hazırda medianın açıq və əlçatan olması media nümayəndələrinin işini xeyli çətinləşdirib. Bu da bəzən medianın işinə kölgə düşməsinə səbəb olur və məhz bu səbəbdən milli media nümayəndələrinin məsuliyyəti birə-beş artıb:
“Milli Mətbuat Günümüzlə bağlı isə deyərdim ki, əlbəttə, biz dünya mediasından geri qalmamalıyıq. Bu, bizim bir nömrəli vəzifəmizdir. İkinci tərəfdən, indiki şəraitdə medianın hər kəs üçün açıq və əlçatan olmasını nəzərə alaraq, milli mediamızda çalışan, jurnalistika ilə məşğul olan insanların məsuliyyətinin birə beş artdığını xüsusi vurğulamaq istərdim. Çünki hər kəs hər yerdə hər şeyi yaza, paylaşa, çəkə və göstərə bilir. Belə bir şəraitdə, əlbəttə, jurnalistika fərqlənməli, öndə olmalı, təsadüfi adamların bu cür çağırışlarını və paylaşımlarını kölgədə qoymağı bacarmalıdır. Bu, bizim əsas vəzifəmizdir. Demirik ki, kimlərinsə ifadə azadlığını əngəlləyək. Əlbəttə, əngəlləməyək. Əlimizdən gələni etməliyik ki, bu ölkədə ifadə azadlığı yüksək səviyyədə qorunsun. Lakin ifadə azadlığından sui-istifadə hallarının qarşısını almaq üçün peşəkar medianın, jurnalistikanın və mətbuatın öndə olması vacib şərtdir”, - deyə A.Həsrət fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və
digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
