Paytaxtın bu ərazilərində evlər BAHALAŞACAQ

16:09 - 11 Fevral 2026

Paytaxtın bu ərazilərində evlər BAHALAŞACAQ

Bakının Baş planına əsasən, Bakının şimal istiqamətində yerləşən qəsəbələri şəhər mərkəzi ilə birləşdirəcək “Mehdiabad – 28 May” tramvay xəttinin çəkilməsi planlaşdırılır. Bu layihə çərçivəsində bir neçə Bakıətrafı qəsəbələrdə tramvaydan istifadə aktiv hala gələcək. Bu da həmin ərazilərdə yaşayan vətəndaşların işlərini asanlaşdıracaq. Bəs sözügedən ərazilərdə tramvay xəttinin istifadəyə verilməsi daşınmaz əmlak bazarına necə təsir edəcək? Həmin ərazilərdə nisbətən daha münasib qiymətə təklif olunan evlərin qiymətləri arta bilər?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Manset.az-a açıqlamasında bildirib ki, paytaxt ərazisində tramvay xəttlərinin istifadəyə verilməsi planı daşınmaz əmlak qiymətlərinə təsirsiz ötüşməyəcək:


“Daşınmaz əmlakın satış qiymətlərini artıran əsas amil həmin əmlakların yerləşdiyi ərazilərdə mövcud olan infrastrukturdur. Tramvay xətlərinin çəkilməsi zamanı həmin ərazilərdə çox sayda evlərin söküntüsü gözlənilir. Təbii ki, bu ərazilərdə marşrut sistemi daim olub və hazırda da var. Amma tramvay sistemi müəyyən bir vaxtla işləyən ictimai nəqliyyat vasitəsidir ki, bu da həmin ərazilərdə yaşayan sakinlərin vaxt baxımdan bir çox problemlərini aradan qaldıracaq. Çünki biz görürük ki, bu gün paytaxtın mərkəz ərazilərində mənzillərin kirayə qiymətləri olduqca yüksəkdir. Xüsusən də tələbələr məcburən Bakıətrafı ərazilərə üz tuturlar. Yolların tıxac olması, məsafənin uzun olması həmin tələbələrin günlərinin çox hissəsini həmin yollara sərf etməsi ilə nəticələnir. Bu da onların təhsilinə xüsusilə mənfi təsir göstərir. Tramvay xətti bu baxımdan da əlverişlidir - tıxacda qalmır, təyin olunmuş vaxtda birbaşa ünvana çatır. Bütün bunları nəzərə aldıqda biz sözügedən ərazilərdə qiymət fərqi yaranacağını proqnozlaşdıra bilirik. Ümumiyyətlə, indiyədək hansı ərazilərdə metro stansiyaları və yaxud da yeni avtobus xəttləri çəkilirsə, həmin ərazilərdə birbaşa satış və kirayə qiymətləri artması ilə nəticələnir”.

Ekspert qeyd edib ki, Baş plana əsasən, 2040-cı ilə qədər paytaxt ərazisində bir çox ərazilərdə söküntülər gözlənilir:

“2040-cı ilə qədər paytaxt ərazisində bir çox yerlərdə söküntülər olacaq. Bəzi ərazilərdə yeni yaşayış binaları ilə əvəzlənəcək, bəzi ərazilər isə parklar və yeni yollarla əvəzlənəcək. Bunun məqsədi paytaxtın müxtəlif ərazilərində mərkəzi ərazilər salmaqdır. Yəni vətəndaşlar Əhmədlidən, Günəşlidən, Zığdan, Lökbatandan gəzinti məqsədilə Bulvara, Fəvvarələr meydanına gəlməli olmasın. Bu plan insanların öz istirahətlərini yaşadıqları ərazilərə yaxın ərazilərdə keçirməyə şərait yaradacaq. Bu həm paytaxtdakı sıxlığın, həm də vətəndaşların vaxt itkisinin qarşısını alacaq. Sözügedən ərazilərdə hazırda ən böyük problem çıxarış problemidir. Bu əmlakların böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu cür əmlaklara artıq tələbat azalıb. Son 4-5 il ərzində satılan əmlakların çox böyük hissəsi çıxarışlı, təxminən 65-70 faizə qədər hissəsi isə müxtəlif növ kreditli şərtlərlə - ipoteka və s. satılıb. Yəni aydındır ki, çıxarışın olmaması həm qiymətin artırılmasına, həm də evlərin satışına mane olur”.

Elnur Fərzəliyev son olaraq vurğulayıb ki, bütün bunları nəzərə aldıqda həmin Bakıətrafı ərazilərdə tramvay xəttlərinə yaxın yaşayış evlərində 5-10 faizə yaxın qiymət artımı gözləniləndir. Amma tramvay dayanacağı ilə mənzil arasında bir neçə kilometr məsafə olduğu halda qiymət artımı real görünmür.

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az