Xəbər verdiyimiz kimi, fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi dəvəti ilə iclasda iştirak edib.
Milli Məclisin deputatı Aydın Hüseynov Manset.az-a açıqlamasında “Sülh Şurası”nın mahiyyətindən və Azərbaycan üçün perspektivindən danışıb:

““Sülh Şurası”nın yaranması təsadüfi deyil. Bu gün dünyada münaqişələr artır, siyasi gərginliklər çoxalır. Belə bir şəraitdə ölkələrin bir masa arxasında oturub açıq danışmasına ehtiyac var. Sülh Şurası da məhz bu məqsədlə yaradılıb – dialoq üçün əlavə platforma kimi.
Bu cür qurumlar qarşıdurmanı azaltmağa kömək edir. Dövlətlər bir-birini dinləyir, mövqelərini izah edir, ortaq məqamlar axtarır. Yəni əsas məqsəd mübahisəni dərinləşdirmək yox, anlaşmanı gücləndirməkdir”.
Deputat qeyd edib ki, Azərbaycan üçün bu şuranın əhəmiyyəti xüsusi yer tutur:
“Ölkəmiz regionda sülhün tərəfdarı kimi çıxış edir və post-münaqişə mərhələsində sabitliyin möhkəmlənməsini istəyir. Belə platformalarda iştirak etməklə Azərbaycan öz mövqeyini birbaşa və açıq şəkildə beynəlxalq ictimaiyyətə çatdırır.
Eyni zamanda, bu, Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Vaşinqton kimi mühüm siyasi mərkəzdə ölkəmizin sözünün eşidilməsi onu göstərir ki, Azərbaycan artıq regional deyil, daha geniş miqyasda diqqət mərkəzindədir”.
Aydın Hüseynov “Sülh Şurası”nı dialoq üçün bir meydandır adlandırıb: “Azərbaycan isə bu meydanda sülhü, sabitliyi və qarşılıqlı hörməti müdafiə edən tərəf kimi çıxış edir”, - deyə o fikirlərinə əlavə edib.
Fidan Vəlisoy