“Televiziya kazino deyil” - Məşhur aparıcıdan SƏRT TƏNQİD

11:55 - 23 Fevral 2026

“Televiziya kazino deyil” - Məşhur aparıcıdan SƏRT TƏNQİD

Son günlər sosial şəbəkələrdə televiziya kanallarında yayımlanan şou proqramları ətrafında müzakirələr səngimir. Müğənnilər, tanınmış simalar və mədəniyyət xadimləri efirə dəvət olunan bəzi qonaqların milli-mənəvi dəyərlərə uyğun olmadığını, verilişlərdə ailə-məişət mövzularının və qalmaqalların üstünlük təşkil etdiyini bildirərək aparıcıları tənqid edirlər.


Manset.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış aparıcı Nailə İslamzadə də mövqeyini açıqlayıb. O bildirib ki, bəzi televiziya kanalları mütəmadi olaraq istedadı və səsi olmayan müğənniləri efirə dəvət edir, veriliş boyu digər sənət adamları haqqında qeybətlərə yer verilir və aparıcılar da qalmaqalın artmasına şərait yaradırlar.

43 illik televiziya təcrübəsinə malik olduğunu vurğulayan aparıcı qeyd edib ki, televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır:

“Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır.”

N. İslamzadə əlavə edib ki, televiziya qazanc mənbəyi naminə dəyərlərin itirildiyi məkan olmamalıdır. Onun sözlərinə görə, cəmiyyətin zövqü təsadüfi formalaşmır:

“Ekran gələcəyin güzgüsüdür — orada nə göstəririksə, sabah onu yaşayacağıq.”


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az