Son günlər TƏBİB-in daxilində baş verən hadisələr, narazılıqlar, vəzifə dəyişiklikləri qurumun Səhiyyə Nazirliyinə birləşdirilməsi ehtimalını bir daha gündəmə gətirib. Artıq cəmiyyətdə bununla bağlı bir sıra iddialar irəli sürülür.
Bəs bu iddialar nə qədər realdır? Həqiqətən də, TƏBİB yenidən Səhiyyə Nazirliyinin balansına verilə bilər?
Məsələ ilə bağlı Manset.az-a danışan professor, tanınmış həkim Adil Qeybulla bildirib ki, səhiyyə sistemində aparılan bu parçalanma effektiv fəaliyyətə və inkişafa ciddi şəkildə mane olur:

“Dəfələrlə qeyd etmişəm ki, bu parçalanma səhiyyə sahəsindəki fəaliyyətə mane olur. TƏBİB ilk olaraq icbari tibbi sığorta sisteminə ayrıca bir struktur nəzarəti olaraq nəzərdə tutulmuş və yaradılmışdır. Amma təcrübə göstərir ki, İcbari tibbi sığorta artıq oturuşmuş bir sistemdir, həm nöqsanları, həm də üstünlükləri ilə artıq cəmiyyətimizə daxil olub”.
Professor qeyd edib ki, hazırda səhiyyə sistemində vahid rəhbərliyin olmaması koordinasiya məsələlərini də zəiflədir:
“Vahid idarəetmə səhiyyədə çox vacibdir. Bu baxımdan da, TƏBİB-in ləğvi və onun Səhiyyə Nazirliyinə birləşdirilməsi daha məqsədəuyğun olar. Bu həm səhiyyə sahəsində idarəçiliyin effektiv olmasına, həm də bəzi məsələlərin daha düzgün koordinasiya olunmasına gətirib çıxara bilər. Hesab edirəm ki, ictimai həyatın kifayət qədər mühüm bir fəaliyyət sahəsi olan səhiyyədə iki rəhbərliyin olması qətiyyən özünü doğrultmadı. Bunun özünü doğrultmasına ehtimal belə yox idi. TƏBİB-i artıq nazirliyə birləşdirməyin, vahid rəhbərliyin, vahid cavabdehliyin yaranmasının artıq vaxtı çatıb”.
Fidan Vəlisoy