“Bu gün İran ərazisindən atılan PUA-lar ilə Naxçıvan Beynəlxalq Hava Limanı vuruldu. Bununla bağlı artıq xəbərlər bütün dünyaya yayılıb. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə məhz baş vermiş təxribatla bağlı Təhlükəsizlik Şurasının iclasıda keçirildi. Cənab Prezident tərəfindən baş vermiş təxribata hərtərəfli hüquqi qiymət verildi. Təbii ki, Cənab Prezidentin də qeyd etdiyi kimi, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür”.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsimin sədri, deputat Arzu Nağıyev Manset.az-a açıqlamasında deyib. O bildirib ki, İran silahlı qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi İran rejiminin, molla rejiminin riyakarlığının, nankorluğunun göstəricisidir:

“Bu, beynəlxalq hüququn norma və prinsiplərinə ziddir, regionda gərginliyin artmasına xidmət edir. Təbii ki, Azərbaycan Prezidentinin apardığı xarici siyasətdə Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq qalıb, ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç bir təhlükə olmayıb və yoxdur. Bütün dünya ölkələrindən fərqli olaraq Cənab İlham Əliyevin İranın Ali liderinin ölümü ilə bağlı dərhal baş sağlığı verməsi, səfirliyi ziyarət etməsi böyük addım idi. Azərbaycan heç vaxt ikili, riyakar siyasət yürütməyib. Daim prinsipimiz ərazi bütövlüyümüz, suverenliyimizin qorunması və vətəndaşların rifahı olub. Bu istiqamətdə də daim qonşulara dəstək olub. Azərbaycan hətta İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Məhz İran tərəfinin Naxçıvan ərazisində mülki obyektləri vurması, hava limanını, dinc sakinləri hədəf götürməsi, doğurdan da terror aktıdır. Bu belə də dəyərləndiriləcək”.
Deputat İranın hədəf olaraq niy məhz Naxçıvanı seçməsinə də aydınlıq gətirib. O qeyd edib ki, əsas səbəb Naxçıvanın coğrafi mövqeyidir:
“Naxçıvan Azərbaycanın əsas ərazilərindən ayrı düşmüş bir ərazidir, üç ölkə ilə həmsərhəddir: Ermənistan, İran, Türkiyə. Bu səbəbdən region Cənubi Qafqazın ən həssas nöqtələrindən biri hesab olunur. Birbaşa Türkiyəyə çıxışımız, quru sərhədimiz var. Naxçıvan Azərbaycanla Türkiyə arasında quru sərhəd vasitəsilə ən vacib Ankara-Bakı xəttinə malikdir. Təbii ki, bu məsələdə Zəngəzur dəhlizi də var. Daim Zəngəzur dəhlizinin əleyhinə olan qüvvələr də bir faktor kimi bundan istifadə etməyə çalışır. Bu layihə bəzi regional güclərin maraqları ilə toqquşur. Hərbi və logistika infrastrukturu məsələsinə gəldikdə isə bura logistik bir infrastruktura sayılır. Hava limanı regiona sürətlə hərbi və humanitar çatdırılma imkanına malikdir. Buna görə də İran məhz belə bir təxribata əl atdı. Azərbaycanın hərbi və siyasi cavabı təbii ki, artıq Müdafiə Nazirliyinin bəyanatı, eyni zamanda İran səfirinin Xarici İşlər Nazirliyinə dəvət edilməsi, ona nota təqdim olunması məsələsi çox mühümdür. Yəni siyasi və diplomatik addımlar atılır, Azərbaycan məsələni beynəlxalq təşkilatlara çıxara bilər. Diplomatik notaların verilməsi ilə bağlı regional müttəfiqlərlə təhlükəsizlik məsələsi keçirilə bilər. Hərbi cavab variantları nəzərdən keçirilə bilər. Cənab Prezident də öz çıxışında qeyd etdi. Sərhəddə operativ hərbi hazırlıq vəziyyəti artırılır, bütün qoşunlara, xüsusi xidmət orqanlarına tapşırıq verilir. Hava hücumundan müdafiənin güclənməsi gündəmdədir. Belə hallarda siyasi və diplomatik kanalları işə salmağa üstünlük verməklə paralel biz təhlükəsizlik riskkəri artarsa, hərbi tədbirlər də görməyə hazırıq. Təbii ki, burada qonşularımızın da rolu mütləqdir. Türkiyə burada mühüm rol oynayır. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq mövcuddur. Bir sıra müqavilələrə əsasən, Naxçıvana qarşı hər hansısa ciddi hücum olarsa, Ankara siyasi və təhlükəsizlik baxımından prosesə aktiv qoşula bilər. Bir daha qeyd etmək istəyirəm ki, bu, İranın molla rejiminin riyakar siyasətidir. Onlar həm diplomatik, həm də digər müstəvilərdə öz layiqli cavablarını alacaqlar”.
Fidan Vəlisoy