Son günlər vətəndaşlar kütləvi göz ağrılarından şikayətçidirlər. Qızarma, kiprik dibində iltihab, qaşınma və digər əlamətlərlə müşahidə olunan bu şikayətlər kütləvi hal alıb. Bir çox hallarda həkimə müraciət etmədən bir sıra göz damcılarından və ya xalq təbabəti üsullarından istifadə edən şəxslər simptonları daha da ağırlaşdıra bilirlər.
Bəs kütləvi hal alan bu göz xəstəliyi, əslində, nədir və yoluxma zamanı nə etmək lazımdır?
Oftolmoloq Kəmalə Mustafayeva Manset.az-a açıqlamasında bildirib ki, son günlərdə vətəndaşların ən çox şikayət etdiyi kütləvi yayılmış infeksiya epidemik adenovirus konyuktivitidir. Xalq arasında buna “göz qripi” də deyilir:

“Bəzi hallarda virus mənşəli bu konyuktivitə qarışıq bakterial infeksiya da qoşula bilər. Bu günlərdə daha çox rast gəldiyimiz isə adenovirus mənşəli konyuktivitdir. Əsas xüsusiyyətləri gözün qızarması, gözdə sulanma, yanma, batma hissiyatı, kiprik dibində iltihab, işığa həssaslıq, bəzən isə görmədə müvəqqəti bulanıqlıqdır. Virus mənşəli konyuktivit çox yüksək yoluxuculuq xüsusiyyətinə malikdir. Ən çox yayılma yolları təmas, əl ilə gözə toxunma, eyni dəsmal və yastıqdan istifadə, həmçinin ictimai yerlərdə - məktəb, ofis, metro və avtobuslarda kontakt zamanı yoluxa bilər. Bundan başqa xəstələr klinikaya müraciət edən zaman oftolmoloji cihazların dezinfeksiyası zəifdirsə, həmçinin qapı tutacaqları, telefonlar vasitəsilə də bu xəstəlik yoluxa bilər. Virus yoluxmuş olan səthlərdə saatlarla, bəzən hətta günlərlə qala bilər”.
Həkim qeyd edib ki, hazırda bu virusa yoluxma hallarının kəskin artmasına səbəb mövsümi artımın olmasıdır. Yaz, payız aylarında bu xəstəlik sürətlə yayılır:
“İnsanların sıx təması və gigiyena qaydalarına tam əməl olunmaması da yoluxmanı artıran amillərdəndir. Bundan başqa bəzi insanların həkim məsləhəti olmadan apteklərdən göz damcıları və s. dərman preparatlarını alıb istifadə etməsidir. Qorunmaq üçün əlləri tez-tez yumaq, gözə əl vurmaqdan çəkinmək, şəxsi dəsmal və kosmetikadan istifadə etmək vacibdir. Xəstə insanlarla təmasdan uzaq durmaq da mütləqdir. Kontakt linza istifadə edənlər isə müvəqqəti olaraq istifadəni dayandırmalıdırlar. Ümumiyyətlə, bu xəstəlik virus mənşəli olduğu üçün öz-özünə də sağala bilər, ancaq nəzarətdə saxlamaq lazımdır. Bəs nə zaman həkimə müraciət edilməlidir? Əgər xəstədə görmənin azalması müşahi edilirsə, gözündə şiddətli ağrı varsa, işığa baxa bilmirsə, 5-7 gün müddətində yaxşılaşma yoxdursa, mütləq şəkildə həkimə müraciət olunmalıdır”.
Kəmalə Mustafayeva xüsusilə vurğulayıb ki, pasiyentlər özbaşına heç bir dərman preparatından istifadə etməməlidirlər. Aptekdən reseptsiz alınan hər bir göz damcısı xəstənin gözünün vəziyyətini daha da ağırlaşdıra bilər. Buna görə də, yaxşı olar ki, ilk simptonlardan oftolmoloqa müraciət olunsun.
Fidan Vəlisoy