İlham Əliyevdən türk dünyasına birlik mesajı - “Çətin və yaxşı günlərdə də bir-birimizin yanında olmalıyıq”

09:00 - 04 Aprel 2026

İlham Əliyevdən türk dünyasına birlik mesajı - “Çətin və yaxşı günlərdə də bir-birimizin yanında olmalıyıq”

Türk Dövlətləri Təşkilatının aprelin 2-də  Bakıda keçirilən görüşü hazırkı mürəkkəb beynəlxalq  şəraitdə xüsusi əhəmiyyət kəsb edir.


Dünyada, əsasən də  regionumuz yaxınlığında davam edən (Rusiya-Ukrayna müharibəsi) hərbi qarşıdurmalar, İran ətrafında  baş verənlər, eləcə də hər an isti fazaya keçmə potensialı olan hazırkı “soyuq müharibələr” kimi təhlükəli proseslər, dövlətlər arasında əməkdaşlığın və koordinasiyanın vacibliyini bir qədər də artırmış olur. Belə bir fonda Türk dövlətlərinin bir araya gəlməsi təkcə formal görüş deyil, həm də ortaq maraqların uzlaşdırılması, təhlükəsizlik məsələlərində mövqelərin yaxınlaşdırılması və regional sabitliyiə təhdid yaradan risklərin önlənməsi baxımından da  çox  əhəmiyyətlidir.  

Öncə xatırladaq ki, Türk Dövlətləri Təşkilatı dünyada bənzəri olmayan, nadir birliklərdən biri, bəlkə də birincisidir. Məsələn TDT-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas vacib məqamlardan biri - onun üzvləri arasında mövcud olan ortaq dil, mədəniyyət və tarixi bağlılıqdır. Bu amil təşkilat daxilində əməkdaşlığı daha səmimi və etibarlı müstəviyə keçirir. Məsələn, Avropa İttifaqı kimi birliklərdə inteqrasiya daha çox iqtisadi və hüquqi mexanizmlər üzərində qurulduğu halda, TDT-də bu prosesə əlavə olaraq güclü mənəvi və identik əsaslar da qoşulmuş olur. Elə bu səbəbdəndir ki, görüşə ev sahibliyi edən Azərbaycan prezidenti  İlham Əliyev təşkilat daxilində münasibətləri “bir ailə” kimi xarakterizə etdi və üzv ölkələr arasında ciddi ixtilafların olmadığını vurğuladı. Bu isə təbii ki, qərarların daha çevik qəbul olunmasına və qarşılıqlı etimadın güclənməsinə şərait yaradır.

Təşkilatın gələcəkdə qlobal səviyyədə aparıcı gücə çevrilə bilməsi məsələsinə gəldikdə isə, bu, həqiqətən də üzv dövlətlərin öz siyasi iradəsinə  və əməkdaşlıq dərinliyinə bağlı olan məsələdir.  Elə təşkilatın gələcək  inkişafı perspektivlərinə toxunan Azərbaycan lideri də bunun  birbaşa özümüzdən asılı olduğunu qeyd etdi: “Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda, tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq”.


Önəmli layihələr, imkanlar demişkən  Türk Dövlətləri Təşkilatının kifayət qədər böyük  siyasi, iqtisadi və geniş coğrafi potensialı var. Öncə qeyd edək ki, üzv ölkələr zəngin enerji resurslarına malikdir, eyni zamanda da Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutlarının üzərində yerləşirlər. Xüsusilə Orta Dəhliz kimi tanınan Transxəzər marşrutu son illərdə alternativ logistika xətti olaraq daha çox diqqət çəkir və bu istiqamətdə əməkdaşlıq təşkilatın strateji əhəmiyyətini də artırır. Lakin bu potensialın real gücə çevrilməsi üçün iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı ticarətin artırılması və institusional mexanizmlərin gücləndirilməsi vacibdir. Bu prosesdə Azərbaycanın rolu isə xüsusilə diqqətəlayiqdir.


Ölkə həm coğrafi mövqeyinə görə Orta Asiya ilə Avropa arasında körpü funksiyasını yerinə yetirir, həm də enerji və nəqliyyat layihələri vasitəsilə təşkilatın praktik imkanlarını genişləndirir. Prezident İlham Əliyev isə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəal siyasi xətt yürüdərək həm ideoloji, həm də praktik baxımdan bu birliyin güclənməsinə böyük töhfələr verir. Onun təşəbbüsləri və vurğuladığı birlik mesajları təşkilat daxilində həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Odur ki, Türk Dövlətləri Təşkilatı hazırda inkişaf mərhələsində olsa da,  ciddi perspektivlər vəd edən bir platformadır. Müasir dünyada regional birliklərin rolu artdığı bir dövrdə TDT-nin də təsir imkanlarının genişlənəcəyi şübhə doğurmur. Əgər üzv dövlətlər mövcud potensialdan səmərəli istifadə edərək əməkdaşlığı daha da dərinləşdirə bilsələr, bu təşkilat gələcəkdə daha geniş coğrafiyada söz sahibi olan mühüm güc mərkəzlərindən birinə çevriləcək.

QAFQAZ  CƏNUBLU


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az