Türkiyədə futbol niyə biabırçı hala gətirildi?

11:48 - 06 Aprel 2026

Türkiyədə futbol niyə biabırçı hala gətirildi?

Ötən gün Türkiyə futbolunun ən prinsipial qarşıdurmalarından sayılan “Fənərbağça–Beşiktaş” oyununda yaşananlar futbol dünyasında ciddi narazılıq yaradıb. Qarşılaşmanın son saniyələrində verilən qərar derbi oyununun bütün gedişatını kölgədə qoyub. Belə ki, matçın 90+7-ci dəqiqəsində baş hakim tərəfindən verilən qərar həm stadionda, həm də sosial şəbəkələrdə böyük qalmaqala səbəb olub.


Manset.az xəbər verir ki, epizodda “Beşiktaş” futbolçusuna qarşı qayda pozuntusu olduğu iddia edilsə də, təkrar görüntülərdə həmin müdaxilənin cərimə meydançasından kənarda baş verdiyi açıq görünür. Buna baxmayaraq, hakim gözlənilməz şəkildə penalti nöqtəsini göstərib.

Bu qərar oyunun ən mübahisəli anına çevrilib. Azarkeşlər hakimin qərarını “açıq-aşkar səhv” adlandıraraq etirazlarını bildiriblər. “Beşiktaş” futbolçuları isə epizoddan sonra hakimin ətrafına toplaşaraq uzun müddət qərarın dəyişdirilməsini tələb ediblər.

Türkiyənin tanınmış futbol şərhçiləri və idman analitikləri də bu qərara sərt reaksiya veriblər. Bir çox ekspert hakimin penalti qərarını “son illərin ən böyük skandalı” kimi qiymətləndirib. Digər bir şərhçi isə bu penalti qərarının məhz "Fənərbağça"nı meydanda saxlamaq üçün verildiyini iddia edib. 

İddialara görə, oyundan sonra həm “Beşiktaş” rəhbərliyi, həm də azarkeşlər hakimliklə bağlı Türkiyə Futbol Federasiyasına rəsmi müraciət etməyə hazırlaşır. Hadisənin VAR sistemində necə qiymətləndirildiyi isə ayrıca suallar doğurur. Çünki görüntülər açıq olsa da, qərarın dəyişdirilməməsi futbolsevərlərdə VAR-ın effektivliyi ilə bağlı şübhələri daha da artırıb.

Bu qalmaqallı epizod Türkiyə futbolunda hakimlik mövzusunu yenidən aktuallaşdırıb.  

Qeyd edək ki, son günlər Türkiyə futbolunda qarşılaşmalar zamanı hakimlərin verdiyi qərarlar müzakirələr yaradaraq oyun alğı-satqısı məsələlərini gündəmə gətirir. 


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az