Bu gün "Laçın" sərhəd-keçid məntəqəsinin yaradılmasından 3 il ötür. Belə ki, 23 aprel 2023-cü ildə atılan bu mühüm addım Azərbaycanın tam suverenliyinin bərpasına aparan ən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Bu addım dövlətin öz sərhədlərinə nəzarəti tam təmin etməsi və qanunsuz keçidlərin qarşısını alması baxımından xüsusi əhəmiyyət daşıyır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Manset.az-a açıqlamasında bildirib ki, Laçın keçid məntəqəsinin yaradılması Azərbaycan suveren hüquqlarının bərpası yolunda ən mühüm mərhələdən biri idi:
“"Laçın" keçid məntəqəsinin qurulması bir keçid mərhələsi, dövlət sərhədlərinə nəzarətin tam təmin olunması idi. Bu məntəqənin açılması təhlükəsizliyin gücləndirilməsinə və ölkənin milli maraqlarının qorunmasına xidmət edən ən ciddi və strateji addımlardan biri idi. Təbii ki, bu qərar Cənab Prezidentin siyasətinin mühüm tərkib hissəsi kimi Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutdu. Əsas məqam odur ki, Cənab Prezidentin apardığı siyasətdə ərazi bütövlüyü, suverenliyin qorunması və hər bir Azərbaycan vətəndaşının rifahı mütləq şəkildə əsas yer tutur. Məhz bu keçid məntəqəsinin yaranması da bu prinsiplərə xidmət edən bir məsələ idi. Bu məntəqənin qurulması Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə qayıtmaq və real nəzarəti təmin etmək idi".
Deputat qeyd edib ki, "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması bir neçə məqamda strateji əhəmiyyət daşıyırdı:
"Azərbaycan öz istəyi ilə məntəqəni yaradır və öz suveren hüquqlarını praktiki şəkildə bərpa edir. Qarabağ bölgəsinə qanunsuz silah-sursat, hərbi texnika və canlı qüvvələrin daşınmasının qarşısını alır və sülhməramlı qüvvələri həmin ərazilərdən digər bir istiqamətə keçirir və nəzarət mexanizmini yaradır. Dövlət sərhədinin qorunması və təhlükəsizlik rejiminin tətbiqini tam şəkildə - həm gömrük, həm sərhəd, həm də xüsusi xidmət orqanlarının nəzarəti altında idarəçiliyi möhkəmləndirir. Regionda sabitlik əmələ gəlir. Eyni zamanda beynəlxalq hüquqi normada prinsiplərə uyğun olaraq Azərbaycan öz sərhədlərinə nəzarət etmək imkanını reallaşdırır. Cənab Prezidentin həyata keçirdiyi siyasətin ən ciddi nümunələrindən biri olaraq "Laçın" keçid məntəqəsinin yaradılması bizim milli maraqlarımızın qorunmasına yönəlir. Diplomatik və siyasi müstəvidə, eyni zamanda suverenliyin tam bərpası strategiyasında, regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına yönəlmiş bu siyasət davamlı olaraq qanunsuz fəaliyyətlərin qarşısını alır. Erməni separatçıları və digərləri də, ermənilərin özləri də, digər terror qrupları da başa düşür ki artıq Azərbaycanla diqtə dilində danışmaq qeyri-mümkündür. Bunun memarı da Ali Baş Komandan - Cənab İlham Əliyevdir”, - deyə Arzu Nağıyev fikirlərinə əlavə edib.
Fidan Vəlisoy