Gözlərə işıq, qəlblərə nur bəxş edən alim – Zərifə Əliyeva   

15:12 - 28 Aprel 2026

Gözlərə işıq, qəlblərə nur bəxş edən alim – Zərifə Əliyeva   

İnsan dünyanı gözləri ilə görər, amma ürəyi ilə dərk edər. Göz nuru insanın həyat keyfiyyətidir. Sağlam göz, aydın düşüncənin və düzgün qərarın başlanğıcıdır. Məhz belə bir başlanğıcla başladı tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın məna və məzmunlu bir ömür yolu. Mavi səma, parlayan günəş və aydın dünya, bu dünyaya gələn bir dəyər imzası. Bu dünyada hiss etmə, görmə xüsusiyyətini bizə əğz etdirən dəyərli imza. Bu, akademik oftalmoloq Zərifə Əliyeva imzasıdır.


 Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru

“Əziz Əliyevin böyük irsinin davamçısı olan Zərifə Əliyeva artıq genetikada qoyulmuş əsasları çox uğurla davam etdirib. Mən hesab edirəm ki, ümumiyyətlə, bu ad, bu ailə bəlkə də dünyada çox nadir ailələrdəndir. Çünki bu qədər geniş alimlik, bu qədər alicənablıq, bu qədər zəka, intellekt sahibi olmaq və öz sənətinə vurğunluq bir nəsildən digər nəsilə ötürülür. Zərifə xanım da tibb aləmində, səhiyyədə, xüsusən də öz həyatını həsr etdiyi oftalmologiya sahəsində böyük bir alimdir”.

Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor

“Akademik Zərifə xanım Əliyeva mənim müəllimim olub. Bu mənada onun haqqında danışmaq mənə həm asandır, həm də çox çətindir. O, müəllim kimi çox yadda qalan, tələbələrinin taleyinə yazılan bir insan idi. Onun təlim sistemi, onun bilikləri təlqin etmək bacarığı, onun üstün bir qabiliyyəti idi. Hər müəllimin öz üsulu var. O, fərqli bir müəllim idi. Böyük hərflərlə yazılan MÜƏLLİM...”

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Zərifə Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, eyni zamanda Azərbaycan SSRİ Sülhü Müdafiə Komitəsinin sədr müavini idi. O zamanlar Sülhü Müdafiə Komitəsinin sədri Mustafa bəy Topçubaşov idi, Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri. Bütün bunlar Zərifə xanım haqqında əslində zamanının verdiyi dəyərin ən ali sübutudur”.

Zərifə Əliyeva oftalmologiyada bir sıra ilklərə imza atdı. Elə onun görmə orqanının peşə patologiyası elmi tədqiqat araşdırma laboratoriyası buna bariz nümunə ola bilər. Bu sahə oftalmologiyada bir ilk idi və bu sahə Zərifə Əliyevanın adı ilə bağlıdır.

Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirir və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırır. Zərifə xanım elmdə ilk dəfə olaraq, yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənir və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayır. Onun bu istiqamətdə apardığı elmi tədqiqat işləri dünya ədəbiyyatında analoqu olmayan nadir tədqiqatlar sırasındadır. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının “Averbax” adına mükafatına layiq görülür.

Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru

“Zərifə xanımın elmi axtarışlarından biri məhz traxoma xəstəliyinin müalicəsində digər üsullarla yanaşı sintomisinlə istifadə olunması idi. O vaxt üçün bu, inqilabi bir açılış idi, inqilabi bir müalicə üsulu idi. Bütün fəaliyyətini tibbə, oftalmologiyaya həsr etmiş Zərifə xanım oftalmologiyada həddindən artıq dərin iz qoymuşdur”.

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Zərifə xanım başdan-ayağa səmimiyyətdən, sevgidən ibarət idi. O, sevgisini də, qəlbinin, könlünün nurunu da insanlara təmənnasız paylayırdı. O səbəbdən də gözün büllur qatı ilə bağlı, yəni traxoma, qlaukoma, katarakta kimi xəstəliklərin müalicəsi ilə bağlı ən ciddi əsərlərin və ilk əsərlərin müəllifi kimi təkcə Azərbaycanı yox, dünya oftalmologiyası tarixində də tarix məhz akademik Zərifə Əziz qızı Əliyevanı saxlayıb.

Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru

“Onu demək kifayətdir ki, o, Moskvanın Helmqolts adına məşhur oftalmologiya elmi tədqiqat institutunda fəaliyyət göstərirdi. O vaxt Sovetin ən qızğın vaxtında “Averbax” adına mükafatın laureatı olub. Bir çox elmi şuraların üzvü olub, bir çox elmi jurnalın redaksiya şurasının üzvü olub. Zərifə xanımın həmçinin geniş ictimai fəaliyyəti var idi. Onun yaratdığı beynəlxalq əlaqələr, onun yaratdığı dostluq əlaqələrinin nəticəsində Bakıda bir çox ittifaq miqyaslı konfranslar keçirilirdi. O vaxt çox nadir hallarda belə bir respublikada tədbirlər keçirilirdi. Ancaq Azərbaycanda və Bakıda Zərifə xanımın rəhbərliyi altında böyük qurultaylar, böyük konfranslar keçirilirdi.

Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor

 “Averbax” mükafatı almışdı. İlk qadın laureatı idi. Oftalmologiya sahəsində dünyanın nüfuzlu elmi ödüllərindən biri idi, ona layiq görülmüşdü”.

Zərifə Əliyeva insanları sevirdi, Zərifə Əliyeva insanlığı sevirdi. O, çox yaxşı anlayırdı ki, xəstə ilə həkimin bərabər dostluğu mütləq xəstəliyə qalib gələ biləcək bir səbəb olacaq. Ona görə də o, hər zaman öz fəaliyyətində, öz işində, öz yazılarında tibbi etikaya və tibbi deontologiyaya xüsusi önəm verirdi və hər zaman deyirdi: "Həkimin iynə dərmanından çox, onun diqqəti xəstəni sağaldır." Bu mənada onun yazmış olduğu bir sıra əsərlər Azərbaycan tibb elmində tibbi deontologiya üçün ən vacib və ən misilsiz nemətlərdən biridir.

Telli Pənahqızı – Əməkdar mədəniyyət işçisi

“Bakının o vaxt çox məşhur bir istehsalat sahəsi vardı, Çini qablar zavodu. O, həmin müəssisədə insanlarla söhbət edirdi, onların gözlərini yoxlayırdı. Təsadüf elə gətirdi ki, bir dəfə bir yoxlanışda mən də iştirak etdim və onun o zərif görkəmində, onun o gözəl gözlərində insanlara olan böyük məhəbbəti mən hiss etdim. Hər kəslə öz doğması kimi danışırdı. Sual verirdi, diqqətlə onu dinləyirdi. Təbii ki, qarşısında oturan insanlar böyük bir şəxsiyyətin, həyat yoldaşının onlarla qulaq asmasına, onları dinləməyinə, onlara sual verməyinə belə çox qəribə baxırdılar. Amma o, çox gülümsəyirdi və deyirdi ki, "Narahat olmayın, mən də sizdən biriyəm."

Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru

“Zərifə xanım mənim gözümdə böyük bir həkimdir ilk növbədə. Diaqnoz qoymaq, müalicə etmək yaxşı insan bacara bilər. Ancaq öz pasiyentinə tam şəkildə ürəklə yanaşmaq bu, hər adamın işi deyil və hər həkimin işi deyil, çox təəssüf. Zərifə xanım bu nöqteyi-nəzərdən də bir nümunə idi bütün həkimlər üçün. Onu demək kifayətdir ki, Zərifə xanım oftalmologiyaya aid nə qədər kitablar yazıb, nə qədər metodik tövsiyələr yazıb. Ancaq onun ən məşhur kitablarından biri də tibbi deontologiyaya həsr olunmuş kitabdır. Bu hər bir həkimin ixtisasından asılı olmayaraq onun bir stolüstü kitabıdır”.

Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor

“Zərifə xanımın vaxtında indiki kimi insan-xəstə-həkim münasibətləri, deontologiya, yəni xəstənin psixikasında olan o çox rəngarənglik o vaxt yox idi. İlk dəfə o, elmi məqalələr yazdı bu həkim-xəstə münasibətləri, deontologiya tibbində. Və bunu da Moskvada çıxan "Vestnik Oftalmologii" jurnalında çap elətdirdi. İndi o dərgi çap olunur və dünyaya yayılır”.

Gəray Gəraybəyli – Tibb elmləri doktoru, professor, ATU-nun rektoru

“Bəzən xəstəyə sözün əsl mənasında həkimin o münasibəti, o emosiyası, o qayğısı lazımdır və bu nöqteyi nəzərdən Zərifə Əliyeva bu piramidanın ən yuxarı nöqtəsində dayanıb. Mənə sual versələr ki, Zərifə xanımın insan xüsusiyyətləri yoxsa professional xüsusiyyətləri daha üstündür, mən bu suala çətinlik çəkərəm cavab verməyə. Çünki hər ikisi çox yüksəkdir. Hər ikisi çox yüksək olduğu halda məhz Zərifə xanım tarixdə belə bir dərin iz qoyub”.

Məşhur akademik, məşhur alim, oftalmoloq M. Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyası haqqında elmi araşdırmaları barədə deyirdi: "Əgər əcəl Zərifə Əziz qızına bir neçə il də möhlət versəydi, o, yeni bir məktəbin banisi olardı."

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Puçkovskaya kimi böyük bir alim deyir ki, sevinc, səadət, harmoniya, səmimiyyət, yaxşılıq və xeyirxahlıq Zərifə xanım Əliyevanın tərcümeyihalında, xarakterində idi”.

Dünya oftalmologiya elminin digər tanınmış simaları da Zərifə xanım Əliyeva haqqında tarixi fikirlər söyləyirlər. Görkəmli oftalmoloq akademik A.Nesterov deyir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi."

Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırır.

Professor Şimilyova isə: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu 'Əvəzolunmaz insan haqqında povest' adlandırardım" deyərək onun mənəvi dəyərlər tarixindəki yerini xüsusi qiymətləndirir.

Zərifə Əliyeva müasir Azərbaycan qurucusunun, müasir Azərbaycan memarının, ulu öndər, ümummilli lider Heydər Əliyevin ömür gün yoldaşı idi və tarixin bütün dönəmlərində, hər zaman ulu öndərin yanında sadiq dost olaraq ona dəstək olurdu. Əlbəttə, ictimai xadim, böyük tarixi şəxsiyyət Əziz Əliyev ailəsinin ənənələrindən qidalanan bu miras belə də olmalı idi.

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Əziz Məmmədkərim oğlu Əliyevin ən böyük dəyəri, bir irs və miras olaraq xalqına buraxdığı ən böyük sərvəti onun övladları idi”.

Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor

“Tale elə gətirmişdi ki, çox böyük bir adamın ailəsində doğulmuşdu. Böyük bir adamın ömür-gün yoldaşı idi”.

Telli Pənahqızı – Əməkdar mədəniyyət işçisi

Düşünürəm ki, bu insan doğurdan da böyük, ləyaqətli bir övlad idi, böyük, məsuliyyətli bir ana idi və sədaqətli, həm də həddindən artıq qayğıkeş bir xanım idi. Ailəsinin, doğmalarının, yaxınlarının, nəslinin həmişə başını ucaldacaq bir şəxsiyyət”.

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Əziz Əliyevin hər bir övladı həm də musiqi dərsləri alırdılar. O musiqi dərsləri alanların sırasında ikisi var idi ki, onlar sənət, mədəniyyət tarixinə həm də öz adlarını yazmışdılar. “Dan ulduzu” instrumental ansamblı yeni bir ruhun, yeni bir dünyanın davamçısı idi, yeni bir dünyanın təməlini qoyurdu Gülarə Əliyeva. Amma Zərifə xanım Əliyevanın əlləri, yəni onun o zərif əlləri ki, neçələrlə gözlərə nur-işıq paylayırdı”.

Telli Pənahqızı – Əməkdar mədəniyyət işçisi

“Mən xatırlayıram ki, biz ilk dəfə onunla Dövlət Filarmoniyasında görüşdük və onda SSRİ adlı bir dövlət var idi və onun Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikov Bakıya gəlmişdi. Xalq artisti idi, çox tanınmış bir insan idi və mən xəbərlər proqramının aparıcısı kimi ondan müsahibə almağa getdim. İlk dəfə qapını Niyazi  açanda mən gördüm ki, Heydər Əliyev də yanında və pianinonun yanında, royalın yanında Zərifə xanımla İlham bəy də var idi. Onda İlham bəy də hələ cavan oğlan idi, bəlkə də 6-7-ci sinifdə oxuyurdu. İlk dəfə mən onu orada gördüm və onun o böyük mədəniyyəti, o dahilərin söhbətində necə həssaslıqla qulaq asmağı, özünün o görkəmi, musiqiyə olan münasibəti o anda hiss olunurdu ki, bu, oradadır. Onlarla bərabər o söhbətlərin içindədir”.

1985-ci il, aprelin 15-də soyuq Moskva torpağı isti sevgi nəfəsini öz qoynuna aldı. Gözlərə məlhəm olan Zərifə Əliyeva Moskvada gözlərini dünyaya əbədi yumdu.

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Zərifə Əliyeva dünyasını dəyişəndə Ulu Öndərimiz siyasi fəaliyyətinin Moskva dövrünü yaşayırdı. Hamı bilir ki, Ulu Öndər Heydər Əliyev elə qüdrətli dövlət xadimlərindəndir ki, onu hər deyəndə ağlatmaq, kövrəltmək mümkün deyildi. Amma Ulu Öndər Heydər Əliyev həyatda iki dəfə sarsılaraq ağlamışdı. Onun biri və birincisi Moskvada Zərifə xanımın vida mərasimində baş vermişdi. İkincisi isə 1994-cü ildə Ulu Öndər siyasi hakimiyyətinin ikinci mərhələsində tarixi bir qərar almışdı. Əsrin müqaviləsindən, Atəşkəs müqaviləsi imzalanandan sonra Zərifə xanımın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri xiyabanda atasının yanında torpağa verilməsi ilə bağlı. Onun məzarüstü abidəsinin açılışı günü Zərifə xanımın abidəsinə sığal çəkən Ulu Öndərimiz göz yaşı tökür”.

Paşa Qəlbinur - Tibb elmləri doktoru, professor

“O, taleyində çox müstəsna bir rol oynamış həkim, müəllim, ictimai xadim, ana, tədqiqatçı və böyük hərflərlə yazılacaq bir Azərbaycan vətəndaşı idi”.

Şərəf Cəlili – Filologiya üzrə fəlsəfə doktoru, publisist-tədqiqatçı

“Bu gün Fəxri xiyabana ayağını qoyan hər bir kəs ulu öndərin qartalı Azərbaycanı xatırladan qanadlarına aldığı, qoynuna aldığı üç müqəddəs məzar görür. Polkovnik-komissar Əziz Məmmədkərim oğlunun məzarını, onun sağında və solunda professor Tamerlan Əliyevin və akademik Zərifə Əliyevanın abidələri görünür. Biz bu gün üzü Qərbi Azərbaycana doğru gedirik, bu gün Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru gedirik və ulu öndərimizin varisi, həm də Əziz Əliyevin varisi bizi inandırır ki, biz sülh, sabitlik, dostluq, əməkdaşlıq çərçivəsində həm də İrəvana, Qərbi Azərbaycana, həm də Zərifə xanımın, ulu öndərin doğulduğu torpaqlara dönəcəyik. Eşitsəm gəlirsən, çıxaram yola, keçdiyin yollara güllər əkərəm. Səni qəlbimdə yaşadım deyə, sənə qəlbim boyda bir ev tikərəm. Baxın, həmin misralar sanki ulu öndərimiz, əzəmətli abidəsi ilə üzü qibləyə deyil, Zərifə xanıma baxır və deyir: "Səni qəlbimdə yaşatmaq üçün sənə qəlbim boyda bir ev tikərəm."

Vətəni ana bilmək, ana nəfəsini vətən ətrində duymaq... Bu böyük sevgi vəhdətinin müqəddəsliyi idi Zərifə xanımın övladlarına verdiyi ən dəyərli miras. Belə bir ana elə belə bir də sərkərdə yetişdirə bilərdi. Tarix yazan, tarixdə qalan, əsrə səs salan sərkərdə...

“Əlbəttə ki, onun unudulmaz obrazı bu gün də mənim üçün çox əziz, doğmadır. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. İlham Əliyev

Belə bir ömür kitabı, belə bir ömür yolu və belə bir həyat işığı...

Bu dünyada hər kəs öz adının haqqını verir. Zərif çiyinlərində ən zərif peşəyə sahib və ağappaq halda dünyanı bəmbəyaz göstərə bilmək idi Zərifə xanımın missiyası. Bir bəyaz mələk missiyası...

Fəxriyyə Lilpar İsayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, telejurnalist

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az