Artıq aprelin ayının son günlərində olmağımıza baxmayaraq, ölkə ərazisində havalar yaza xas olmayan tərzdə müşahidə olunur. Ölkə ərazisində hava temperaturunun tez-tez dəyişməsi, bir neçə gündən bir təkrarlanan yağıntılar, yağıntı miqdarının ötən illərə nisbətən dəfələrlə yüksəlməsi insanlar arasında çaşqınlıq yaradır. Bu günlərdə hər kəsi bir sual maraqlandırır: “Havalar nə vaxt normallaşacaq?”.
Manset.az bu suala cavab tapmaq üçün Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanlayıb. Qurumun Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova sorğumuza cavab olaraq bildirib ki, hazırda müşahidə olunan dəyişkən hava şəraiti aprel ayı üçün uyğun hesab olunur:

“Ümumiyyətlə, aprel ayı dəyişkən hava şəraitli bir ay kimi xarakterizə olunur. Əvvəlki illərə nəzər salsaq, biz görə bilərik ki, ötən illərdə hətta aprel ayında daha soyuq, yağıntılı, dağlıq ərazilərdə isə qar yağması müşahidə olunub. Buna görə də əslində, belə hava şəraiti anormal hesab olunmur. Aprel ayı müddətdində hava şəraitinin dəyişkən olması, temperaturun tez-tez yüksəlib-enməsi müxtəlif hava kütlələrinin Azərbaycan ərazisinə mütəmadi olaraq daxil olması ilə əlaqələnir. Məhz buna görə də, əsasən, yaz aylarında havalar olduqca dəyişkən keçir”.
Qurum rəsmisi yaxın bir neçə günün hava proqnozu ilə bağlı da məlumat verib:
“Aprelin 29-da Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir. Axşama doğru yağıntı tədricən kəsiləcək. 30-u gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında yarımadanın bəzi ərazilərində az yağış yağması ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Aprelin 30-da havanın maksimal temperaturu 15-18 dərəcə isti olacaq. Bölgələrin əksər rayonlarında da yaxın 2 gün ərzində yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağıntı olacağı, şimşək çaxacağı ehtimalı var. Bu ərazilərdə də mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 17-22, dağlıq ərazilərdə isə 8-13 dərəcə isti olacaq”, - deyə Gülşad Məmmədova əlavə edib.
Fidan Vəlisoy