Birmarket Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş verən yanğınla bağlı açıqlama yayıb.
Şirkətdən Manset.az-a verilən məlumata görə, yanğının genişlənməsi nəticəsində Birmarket-ə məxsus anbara da ziyan dəyib. Hadisə ilə əlaqədar olaraq məhsulların saxlanıldığı anbarın fəaliyyəti müvəqqəti dayandırılıb:
"Hadisə zamanı əməkdaşlarımıza fiziki zərər dəyməyib. Hazırda zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Məlumat üçün bildiririk ki, bu səbəbdən də müştərilərin aktiv sifarişlərinin çatdırılmasında gecikmələr, yeni sifarişlərin qəbulunda isə çətinliklər yaşana bilər.
Qeyd edək ki, hazırda aidiyyatı qurumlar tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. Operativ fəaliyyətlərinə görə aidiyyatı qurumlara, anlayışlarına görə isə müştərilərimizə təşəkkür edirik" - deyə məlumatda qeyd edilib.