“Kəndlərin inkişafı şəhərlərin ləyaqətidir, şəhərlərin gücləndirilməsi isə kəndlərin dirçəldilməsidir. Kənd və şəhər bir-birini tamamlayan bir sistemdir”.
Manset.az xəbər verir ki, Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxışında bu fikirləri səsləndirib.
O bildirib ki, Pəncabda 2 milyard ABŞ dollarından çox dəyəri olan genişmiqyaslı şəhərsalma və infrastruktur proqramı icra olunur. Proqram çərçivəsində yollar, drenaj və kanalizasiya sistemləri, su ehtiyatları və şəhər dayanıqlılığına xidmət edən infrastruktur yenidən qurulur.
Məryəm Nəvaz Şərif qeyd edib ki, son iki il ərzində 13 min kilometrdən çox yolun tikintisi tamamlanıb. Onun sözlərinə görə, bu layihələr regionlarda əlaqəliliyi gücləndirib, mobilliyi artırıb və iqtisadi fəallığa təkan verib.
Baş nazir əlavə edib ki, Pəncabda daşqınlara qarşı dayanıqlılığın artırılması istiqamətində sistemli işlər aparılır. Keçən il baş verən və milyonlarla insanı zərərçəkən daşqınlardan sonra regionda iqlimə uyğun şəhərsalma və risklərin idarə olunması modelləri tətbiq edilir.
O həmçinin vurğulayıb ki, bölgədə turizm, mədəni irs və tarixi abidələrin bərpasına dair genişmiqyaslı proqram həyata keçirilir və 100-dən çox irs obyekti, muzey və digər məkanların yenilənməsi aparılır.
Fidan Vəlisoy