BMT-nin yaydığı yeni bəyanatda iqlim dəyişmələrinin və təbii fəlakətlərin mənzil təhlükəsizliyi və məcburi köçkünlük problemini daha da dərinləşdirdiyi vurğulanıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, proqnozlara əsasən, 2040-cı ilə qədər iqlimlə bağlı risklər nəticəsində 167 milyon yaşayış evi yararsız hala düşə bilər. Bildirilir ki, təkcə 2023-cü ildə təbii fəlakətlər dünya üzrə 280 milyard ABŞ dolları həcmində iqtisadi zərərə səbəb olub və bu itkilərin əhəmiyyətli hissəsi sığorta təminatı olmadan baş verib.
BMT-nin təqdim etdiyi statistikaya görə, 2024-cü ilin sonuna qədər dünyada məcburi köçkünlərin sayı 123,2 milyona yüksəlib. Bu göstərici əvvəlki onilliklə müqayisədə təxminən iki dəfə artım deməkdir.
Bəyanatda son 20 il ərzində əlavə 64 milyon insanın qeyri-rəsmi yaşayış məntəqələrindən köçkün düşdüyü də diqqətə çatdırılıb. Qeyd olunub ki, məcburi köçkünlərin böyük hissəsi şəhərlərə üz tutur və qaçqın və ya köçkün düşərgələrində, çox vaxt isə yenidən köçkünlük riski daşıyan təhlükəli və aşağı standartlı şəraitdə məskunlaşmağa məcbur qalır.
BMT eyni zamanda bildirib ki, inkişaf etməkdə olan ölkələrdə qeyri-rəsmi yaşayış sahələri ümumi yaşayış tikintisinin təxminən 80 faizini təşkil edir və bu, şəhərsalma və mənzil siyasətində ciddi çağırışlar yaradır.
Fidan Vəlisoy