“Bugünkü şəhərlər iqlim dəyişikliyinin ön cəbhəsindədir və dünya əhalisinin təxminən 58%-i şəhərlərdə yaşayır”.
Manset.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının çərçivəsində keçirilən 4-cü gün panel sessiyalarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhər əraziləri getdikcə daha çox isti dalğaları, daşqınlar və su qıtlığı kimi iqlim risklərinə məruz qalır və bu səbəbdən təbiətə əsaslanan həllər şəhərsalma və mənzil siyasətinin ayrılmaz hissəsi olmalıdır. O vurğulayıb ki, bu yanaşma baş plandan başlayaraq zonalaşdırma, tikinti və uzunmüddətli idarəetməyə qədər bütün mərhələlərdə tətbiq edilməlidir.
Ağakərim Səmədzadə həmçinin Azərbaycanın artıq bu istiqamətdə addımlar atdığını qeyd edib. Onun sözlərinə görə, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası və 2030-cu ilədək uzadılmış plan yaşıl artım və təmiz ətraf mühiti milli prioritet kimi müəyyən edir.
O əlavə edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş ərazilərdə yaşıl enerji zonaları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, eləcə də ekosistemlərin bərpası həyata keçirilir.
Fidan Vəlisoy