Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin inaqurasiyasından 7 il ötür.
Yeddi il əvvəl Zelenski ukraynalılara tamam başqa bir ölkə vəd edirdi - müharibəsiz, korrupsiyasız, daha ədalətli və daha firavan Ukrayna. O dövrdə milyonlarla insan onu siyasi sistemdən yorulmuş cəmiyyətin ümidi kimi görürdü. Komediya aktyorundan prezidentliyə gedən yol qısa olsa da, yaratdığı gözləntilər kifayət qədər böyük idi.
2019-cu ildə o, “köhnə sistemə qarşı yeni nəfəs” kimi hakimiyyətə gəldi. Müharibəni dayandırmaq, korrupsiyaya qalib gəlmək, dövləti yenidən qurmaq və insanların ölkədən getmək istəmədiyi bir Ukrayna yaratmaq onun əsas vədləri idi.
Təxminən 40 milyon əhalisi olan ölkənin prezidentliyinə namizədin seçki proqramı belə başlayırdı: “Sizə mənim arzuladığım Ukraynadan danışacağam”.

Zelenskinin təsəvvür etdiyi Ukraynada müharibə yox idi, dövlət xidmətləri sürətli və onlayn işləyirdi, insanlar qazanc dalınca başqa ölkələrə üz tutmur, əksinə xaricilər işləmək üçün Ukraynaya gəlirdi. Gənc ailələr rahatlıqla ev sahibi olur, müəllimlər və həkimlər layiqli maaş alır, korrupsionerlər isə həqiqətən cəzalandırılırdı.
O, elə bir ölkə vəd edirdi ki, təqaüdçülər kommunal ödənişlərdən qorxmur, vəzifələr tanışlıqla deyil, savad və bacarıqla verilirdi. “Uşaqlarımızın getməyəcəyi Ukrayna” ideyası Zelenskinin kampaniyasının əsas mesajlarından birinə çevrilmişdi.
Lakin ötən yeddi il göstərdi ki, seçki meydanlarında səslənən vədlərlə reallıq arasında böyük fərq var. Xüsusilə 2022-ci ildə başlayan genişmiqyaslı müharibədən sonra Ukrayna tamamilə fərqli bir mərhələyə qədəm qoydu. Minlərlə insan həyatını itirdi, milyonlarla ukraynalı ölkəsini tərk etdi, şəhərlər dağıldı, iqtisadiyyat ağır sınaqlarla üzləşdi.

Bununla yanaşı, Zelenski müharibə dövründə beynəlxalq arenada Ukraynanın əsas simasına çevrildi. O, Qərb ölkələrinin siyasi və hərbi dəstəyini saxlamağa nail oldu, dünyanın diqqətini Ukraynaya yönəldə bildi.
Şərhçilərin fikrincə, Zelenskinin hakimiyyətinin ilk illərində rəqəmsallaşma və dövlət xidmətlərinin sadələşdirilməsi istiqamətində müəyyən addımlar atılsa da, əsas gözləntilər tam qarşılanmadı. Cəmiyyətdə korrupsiya, iqtisadi çətinliklər və sosial problemlərlə bağlı narazılıqlar hələ də qalmaqdadır.
Beləliklə, yeddi ilin yekununda Volodimir Zelenskinin siyasi yolu həm böyük ümidlərin, həm də ağır sınaqların simvoluna çevrilib. Bir vaxtlar “arzulanan Ukrayna” vədi ilə hakimiyyətə gələn lider indi daha çox müharibə dövrünün prezidenti kimi tarixə düşür.
Könül Ələsova