“Biz bilirik ki, insanlar minalardan təmizlənmiş ərazilərdə yaşayacaqlar və onlar normal şəraitdə, heç bir məhdudiyyət olmadan yaşamalıdırlar. Buna görə də geri qayıdan insanlar üçün də buna bənzər şərait yaratmağa çalışırıq. Onlar özlərini məhdud hiss etməməlidirlər”.
Manset.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxış edən Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov mina təmizlənməsi və təhlükəsizlik tədbirləri ilə bağlı panel müzakirəsi zamanı çıxışında qeyd edib.
O bildirib ki, mina təmizlənməsi prosesi yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmır, həm də bu ərazilərin ətrafında yerləşən bufer zonaları əhatə edir:
“Mina təmizlənməsi məsələsindən danışarkən qeyd edim ki, bu, yalnız yaşayış məntəqəsinin sərhədlərinin təmizlənməsi ilə bağlı deyil. Biz bilirik ki, insanlar burada yaşayacaqlar. Biz normal şəraitdə heç bir məhdudiyyət olmadan yaşayırıq. Əgər siz şəhərdən kənara çıxmaq istəyirsinizsə, bunu asanlıqla edə bilirsiniz. Buna görə də biz geri qayıdan insanlar üçün də ən azı buna bənzər şərait yaratmalıyıq. Onlar özlərini məhdudlaşdırmamalıdırlar. Məhz buna görə biz bufer zonaların təmizlənməsinə diqqət yetiririk”.
Ramil Cahangirov əlavə edib ki, bufer zonalar yaşayış məntəqələrinin sərhədlərindən kənarda yerləşir və risklərin minimuma endirilməsi üçün onların təmizlənməsi vacibdir. Onun sözlərinə görə, bəzi təhlükəli ərazilərdə müvafiq xəbərdarlıq nişanları quraşdırılsa da, məqsəd mümkün qədər təhlükəsiz mühitin yaradılmasıdır.
Sonda o vurğulayıb ki, mina təmizlənməsi təkcə fiziki iş deyil, həm də maarifləndirmə prosesidir.
Fidan Vəlisoy