Tanınmış şairə Nazilə Səfərli “Qarabağı gəzirəm” adlı yeni layihəyə start verib.
Manset.az xəbər verir ki, layihə çərçivəsində şairə Qarabağı qarış-qarış gəzərək bölgənin təbiətini, tarixini, mədəni irsini geniş izləyici kütləsinə təqdim edir.
Layihə çərçivəsində N.Səfərli Azərbaycanın zəngin milli mətbəxinin nümunələrini hazırlayır, hər bir yeməyin tarixi və hazırlandığı bölgə haqqında maraqlı məlumatlar paylaşır. Bununla yanaşı, Qarabağın adət-ənənələri və mədəniyyəti də layihədə xüsusi yer tutur.
Qeyd edək ki, şairə səfəri zamanı şəhidlərimizin əziz xatirəsini də yad edib. O, halva hazırlayaraq ehsan paylayıb.
Layihənin əsas məqsədi işğaldan azad olunmuş Qarabağın gözəlliklərini, milli mətbəxini və turizm potensialını geniş ictimaiyyətə tanıtmaq, bu torpaqların zənginliyini təbliğ etmək, eyni zamanda bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərini, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlərin yeni həyatını nümayiş etdirməkdir.