logo
logo logo
logo

Skuterə görə avtobusa buraxılmayan ana - Qanun bu barədə nə deyir?

13:53 - 23 İyul 2026

Skuterə görə avtobusa buraxılmayan ana - Qanun bu barədə nə deyir?

Sosial şəbəkələrdə yanlarında olan skuterə görə 211 nömrəli avtobusa daxil ola bilməyən ana və azyaşlı oğlunun video görüntüləri geniş müzakirəyə səbəb olub. Birmənalı qarşılanmayan bu görüntülərə gələn rəylərdə bir qrup sözügedən avtobusun sürücüsünü günahlandırır, digərləri isə görüntüləri çəkən qadının haqsız olduğunu bildirir. Elə görüntülərdən də görünür ki, avtobusda olan sərnişinlər də qadına etirazlarını bildirirək sürücünün haqlı olduğunu qeyd edirlər. Bu cür situasiyalardan bir çox hallarda sürücülər günahlandırılsa da, uyğun olmayan əşyaların, ev heyvanlarının ictimai nəqliyyat vasitəsinə daxil olmasına sürücülər tərəfindən icazə verilməsi digər sərnişinlərin etirazına və narahatlığına da səbəb olur. Bəs qanunverilcilikdə bununla bağlı nə deyilir? İri həcmli əşyaların, eləcə də, ev heyvanlarının avtobuslara daxil olması məsələsi necə tənzimlənir?


Azərbaycan qanunvericiliyinə görə, avtobuslarda sərnişin və baqaj daşınması Nazirlər Kabinetinin təsdiq etdiyi "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" ilə tənzimlənir. Həmin qaydalara əsasən, hər bir sərnişin əlavə ödəniş etmədən ölçüsü 60×40×20 santimetrdən, çəkisi isə 20 kiloqramdan artıq olmayan bir ədəd əl yükünü özü ilə apara bilər. Bundan əlavə, sərnişin əlavə ödəniş müqabilində hər birinin ölçüsü 60×40×20 santimetrdən 100×50×30 santimetrədək, çəkisi isə 60 kiloqramdan çox olmayan iki ədəd baqajı daşımaq hüququna malikdir. Müəyyən edilmiş ölçü və çəki həddini aşan əşyalar isə avtobusla daşınmaya qəbul edilmir.

Qanunvericilikdə elektrik skuterləri və velosipedlər ayrıca qeyd olunmasa da, onlar da ümumi baqaj qaydalarına tabedir. Bu səbəbdən qatlanan elektrik skuter və ya qatlanan velosiped müəyyən edilmiş ölçü və çəki normalarına uyğun gəldiyi halda əl yükü və ya ödənişli baqaj kimi avtobusda daşına bilər. Adi, qatlanmayan velosipedlər isə əksər hallarda icazə verilən maksimal ölçüləri aşdığı üçün müntəzəm sərnişin avtobuslarında daşınmaya qəbul edilmir. Belə hallarda son qərar daşıyıcı tərəfindən əşyanın avtobusun baqaj bölməsinə təhlükəsiz yerləşdirilməsi imkanı nəzərə alınmaqla verilir.

Ev heyvanlarının daşınması ilə bağlı da qaydalar mövcuddur. Belə ki, sərnişinlər qəfəsdə yerləşdirilmiş xırda ev heyvanlarını və quşları avtobusda apara bilərlər. Lakin iri ölçülü itlərin və digər böyük ev heyvanlarının müntəzəm avtobus marşrutlarında daşınmasına dair ayrıca hüquqi norma nəzərdə tutulmayıb.

Bununla yanaşı, təhlükəsizlik baxımından bəzi əşyaların avtobuslarda daşınmasına qəti şəkildə icazə verilmir. Bunlara partlayıcı və yanğın təhlükəsi yaradan maddələr, zəhərli, aşındırıcı və kəskin qoxulu maddələr, qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmiş odlu silahlar, digər sərnişinlərə və ya nəqliyyat vasitəsinə zərər vura biləcək əşyalar, eləcə də müəyyən olunmuş ölçü və çəki həddini aşan baqaj daxildir.

Beləliklə, avtobuslarda skuter, velosiped və digər əşyaların daşınmasına onların növünə görə deyil, ölçüsü, çəkisi və təhlükəsiz şəkildə yerləşdirilməsi imkanına əsasən qərar verilir. Sərnişinlər səfərə çıxmazdan əvvəl daşımaq istədikləri əşyanın qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun olub-olmadığını nəzərə almalıdırlar.

 

Fidan Vəlisoy

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az