Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yaşayan bir qrup sakin ərazidəki şəraitsizliklə bağlı redaksiyamıza şikayət ünvanlayıblar.
Manset.az-a müraciət edən sakinlərin sözlərinə görə, qəsəbədə məişət tullantılarının toplanması üçün konteynerlər yoxdur. Bu səbəbdən ərazidə zibillik yaranıb və qəsəbənin sanitar vəziyyəti ilə bağlı ciddi narahatlıq yaranıb. Sakinlər qəsəbədə işıqlandırmanın olmamasından da narazıdırlar. Onlar həmçinin yolların istifadəyə yararsız vəziyyətdə olduğunu bildirirlər. Müraciət edənlərin sözlərinə görə, yolların asfalt olmaması qəsəbəyə gediş-gəlişi çətinləşdirib. Sakinlər iddia edirlər ki, yol problemi səbəbindən hətta təcili yardım avtomobillərinin də qəsəbəyə gəlməsi çətinləşir, onlar qəsəbəyə girməkdən imtina edirlər.
Şikayətçilər bildiriblər ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara – Gəncə Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etsələr də, indiyədək məsələlərin həlli istiqamətində hər hansı addım atılmayıb.
Məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanladıq. Agentlikdən sorğumuza cavab olaraq bildirildi ki, Bakı şəhəri istisna olmaqla, respublikanın digər şəhərlərinin, eləcə də qəsəbə və kəndlərin daxili küçə və yolları Agentliyin balansında deyil.
“Həmin yolların saxlanılması, cari vəziyyətinin nəzarətdə saxlanılması və təmirə ehtiyaclarının müəyyənləşdirilməsi aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətlərinə daxildir. Bu səbəbdən hər hansı qəsəbə və ya kənddaxili küçənin təmirə ehtiyacı yarandıqda, vətəndaşların ilk növbədə həmin ərazinin yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəsinə müraciət etmələri məqsədəuyğundur”.
Problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirilib ki, şəhərin küçələrinin, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel şəkildə həyata keçirilir:
"Gəncə şəhərində hazırda “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Layihə çərçivəsində şəhərin içməli su və çirkab su sistemləri tam şəkildə yenidən qurulur. Gəncə şəhərinin küçələrinin, qəsəbə və məhəllədaxili yollarının asfaltlanması da sözügedən layihəyə paralel şəkildə həyata keçirilir. Su və kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam başa çatan ərazilərdə mərhələli şəkildə asfalt örtüyünün salınması işləri aparılır. Gəncə şəhərinin Cavad xan qəsəbəsində də layihə çərçivəsində su və kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdıqdan sonra asfaltlama işlərinin görülməsi nəzərdə tutulur. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən sözügedən əraziyə siqnal sistemi əsasında məişət tullantılarının daşınması xidməti göstərilir. Məişət tullantıları həftədə bir dəfə sakinlərin yaşadıqları ünvanlardan toplanaraq daşınır".
Fidan Vəlisoy