logo
logo logo
logo

Hörmüz böhranının dərinləşməsi Azərbaycana təsir edəcək?

14:07 - 27 Avqust 2026

Hörmüz böhranının dərinləşməsi Azərbaycana təsir edəcək?

Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq yalnız siyasi müstəvidə deyil, iqtisadi baxımdan da ciddi suallar doğurur. Dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunan bu boğazla bağlı qərarların tez-tez dəyişməsi neft bazarında, dəniz daşımalarında və beynəlxalq ticarətdə qeyri-müəyyənliyi artıra bilər. Bölgədən keçən enerji və yük axınlarının hər hansı səbəbdən məhdudlaşması yanacaq qiymətlərindən tutmuş daşınma xərclərinə qədər bir sıra göstəricilərə təsir göstərə bilər. Belə bir vəziyyətin uzun müddət davam etməsi enerji təchizatının şaxələndirilməsi, alternativ marşrutların axtarılması və bəzi ölkələrin iqtisadi planlarına yenidən baxması ilə nəticələnə bilər. ABŞ və İranın mövqelərindəki dəyişikliklər fonunda yaranan hər yeni qərar isə bazar iştirakçılarının növbəti addımlarla bağlı qeyri-müəyyənliyini daha da artırır. Bu prosesdən Azərbaycanın enerji ixracı, neft gəlirləri, xarici ticarəti və regiondakı nəqliyyat marşrutları da müəyyən dərəcədə təsirlənə bilərmi?

 

Bu sualı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Manset.az-a açıqlamasında cavablandırıb. O bildirib ki, Hörmüz boğazı ətrafında ABŞ və İranın tez-tez dəyişən qərarları dünya iqtisadiyyatında ən çox qeyri-müəyyənlik yaradır:


“Bəzən boğazın açılacağı barədə xəbərlər nefti ucuzlaşdırır, ertəsi gün yeni sanksiya və ya hərbi təhdid qiymətləri yenidən yüksəldir. Bu dalğalanma enerji, nəqliyyat, sığorta və logistika xərclərini artıraraq bir çox ölkədə inflyasiya təzyiqi yaradır.

Hörmüzdən dünya neftinin və mayeləşdirilmiş qazın mühüm hissəsi daşındığı üçün burada sabitliyin pozulması təkcə Yaxın Şərqə deyil, Asiya və Avropa bazarlarına da təsir edir. Gəmi sığortasının bahalaşması və marşrut risklərinin artması beynəlxalq ticarətin maya dəyərini yüksəldir”.

Ekspert qeyd edib ki, Azərbaycan üçün qısamüddətli dövrdə neft qiymətlərinin artması ixrac gəlirlərini yüksəldə bilsə də, uzunmüddətli qeyri-sabitlik idxal və daşınma xərclərini artıraraq inflyasiya təzyiqi yarada bilər. Bu baxımdan, ölkə üçün daha əlverişli olan yüksək neft qiymətlərindən çox, Hörmüz boğazında sabitliyin və proqnozlaşdırıla bilən şəraitin bərpasıdır:

“Azərbaycan üçün də təsirlər mümkündür. Qısamüddətli dövrdə neftin bahalaşması dövlət büdcəsi və ixrac gəlirləri baxımından müsbət görünə bilər. Lakin uzun müddət davam edən qeyri-sabitlik idxal olunan yanacaq, ərzaq, gübrə və daşınma xərclərini artıraraq daxili qiymətlərə də təzyiq göstərə bilər. Bu isə inflyasiya riskini yüksəldir.

Ona görə Azərbaycan üçün ən əlverişli ssenari yüksək neft qiymətindən daha çox, Hörmüzdə sabitliyin bərpası və qərarların proqnozlaşdırıla bilən olmasıdır. Sabit mühit həm enerji gəlirlərini, həm də ticarət və logistikanı daha dayanıqlı edir”, - deyə A.Nəsirli fikirlərini tamamlayıb.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az