logo
logo logo
logo

İş yerində təhqir və təzyiq - Bununla qarşılaşanlar nə etməlidirlər? 

17:06 - 11 Sentyabr 2026

İş yerində təhqir və təzyiq - Bununla qarşılaşanlar nə etməlidirlər? 

İş yerində rəhbər və işçi münasibətləri əmək mühitinin əsas amillərindən biridir. Lakin bəzi hallarda işçilər rəhbərləri tərəfindən təhqir və alçaldıcı davranışlarla üzləşirlər. İşini itirmək və maddi çətinlik yaşamaq qorxusu isə bir çox işçinin belə münasibət qarşısında susmasına səbəb olur. Nəticədə çalışanlar həm mənəvi təzyiq altında qalır, həm də işdən ayrılmaqla bağlı seçim qarşısında çarəsiz vəziyyətə düşürlər. Bu cür halların işçilər arasında nə qədər geniş yayıldığı və hansı problemlərə yol açdığı isə diqqət çəkən məsələlərdəndir.

 

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Manset.az-a açıqlamasında bildirib ki, işəgötürənlər heç bir halda işçinin ləyaqətini, şərəfini alçaldan davranışlara yol verməməlidirlər. Amma burada digər məqam da ortaya çıxır:


“Bəzən işəgötürənlər işçinin törətdiyi hansısa bir intizam pozuntusuna görə mükafatdan məhrum etmirlər, məsələn, intizam tənbehi tədbiri tətbiq etmirlər, əvəzində onların üstünə səs qaldırırlar, bəzən təhqir edirlər və s. Halbuki, əslində bu, düzgün deyil. Amma bəzən də əksi olanda daha pis nəticə verir.

Məsələn, işçinin əmək müqaviləsinə xitam verilir, yaxud ona hansısa bir inzibati tənbehi tətbiq edilir, o, 6 ay ərzində heç bir mükafat ala bilmir və s. Bunun iki tərəfi var. Bəzən işçilər razı olurlar ki, işəgötürən onların üstünə səs tonunu qaldırsın, nəinki onu mükafatdan məhrum etsin və s. Ona görə də, əlbəttə, qanun nöqteyi-nəzərindən buna yol verilməzdir, amma praktikada, bəli, belə hallar var.

İşçi belə halda təhqirə görə, yaxud onun ləyaqətinin alçaldılmasına görə mülki qanunvericiliklə məhkəməyə müraciət edə bilər. Amma bu, onların arasında sonrakı əmək münasibətlərinə də xələl gətirə bilər, xitam verilə bilər, işəgötürənlə aralarında bir düşmənçilik yarana bilər və s. Ona görə də hər bir işçi özü qiymətləndirməlidir. Əgər o hesab edirsə ki, işəgötürənin onun üstünə qışqırması, onu təhqir etməsi yolverilməzdir və doğrudan da yolverilməzdir, mülki qaydada, hətta xüsusi qaydada cinayət qaldırılması ilə bağlı məhkəməyə müraciət etmək hüququ var. Amma bunun sonrası da var, onu da nəzərə almalıdır”.

Tanınmış hüquqşünas Ramil Vəliyev isə bildirib ki, işçi ilə işəgötürən arasında münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi ilə bağlı maddə öz əksini tapmışdır:


“Həmin maddənin birinci bəndində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ qeyd olunmuşdur. Bu hər bir Azərbaycan vətəndaşının konstitusion hüququdur. Maddənin ikinci hissəsində isə qeyd olunmuşdu ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına yol verə bilməz. Əgər işçi ilə işəgötürən arasında belə bir hal baş verərsə, işçinin ləyaqəti, işgüzar hüququ yaxud şəxsiyyətinin alçaldılması baş veribsə, bu halda işçi məhkəmə qaydasında kompensasiya tələb edə bilər”

Hüquqşünas qeyd edib ki, təhqir isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində öz əksini tapmışdır:

“Təhqir olunmuş şəxs xüsusi ittiham qaydasında məhkəməyə müraciət edir. Təhqir faktı öz əksini tapırsa, təhqir etmiş şəxs barəsində məhkəmə tərəfindən həmin 148-ci maddənin dispozisiyasında qeyd olunan cəzalardan biri məhkəmə tərəfindən tətbiq olunur. Amma ümumilikdə, qeyd etmək istəyərdim ki, heç bir işçi təzyiq və təsir altında işdən çıxarıla bilməz. Bu, Azərbaycan Respublikası Əmək Məcəlləsinin birbaşa imperativ normasıdır”.

R.Vəliyev xüsusilə vurğulayıb ki, həmçinin işçi baş vermiş narazılıqlarla bağlı Əmək Müfəttişliyinə də müraciət edə bilər.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az