“LUKOİL” yanacaqdoldurma məntəqəsində müştəriyə vurulan yanacağın miqdarı ilə bağlı narazılıq yaranıb.
Manset.az xəbər verir iki, bununla bağlı tanınmış aparıcı Şəbnəm Naibli öz sosial şəbəkə hesabında şikayət paylaşıb. Şikayətçinin sözlərinə görə, sentyabrın 12-də rayona gedərkən “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsinə daxil olub. O, avtomobilində müəyyən qədər benzin olduğunu, buna baxmayaraq çənin tam doldurulmasını istədiyini bildirib.
Şikayətçinin sözlərinə görə, daha sonra ona avtomobilə 48 manatlıq benzin vurulduğu bildirilib. Lakin Şəbnəm Naibli avtomobilinin yanacaq çəni tamamilə boş olduqda çənin ümumilikdə 70 manatlıq benzin tutduğunu qeyd edib.
Bu səbəbdən şikayətçi avtomobilinə 30 litr yanacaq vurulması ilə bağlı şübhələrinin yarandığını bildirib.
Şəbnəm Naibli məsələ ilə bağlı “LUKOİL”in qaynar xəttinə də müraciət etdiyini, lakin müraciətinə hər hansı geri dönüş edilmədiyini deyib.
Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Manşet.az