“İranın müəyyən siyasi, ideoloji və xüsusi xidmət orqanlarının Azərbaycanın daxili proseslərinə təsir göstərmək cəhdləri aydın görünür. Bununla əlaqədar dəfələrlə Dövlət Təhlükəsizlik Xidməti səviyyəsində çox mühüm əməliyyatlar keçirilib, radikal dini qurumlara qarşı mübarizə daha da effektiv aparılıb. Əməliyyat şəraitinə nəzarət olunması üçün tam şəkildə İran xüsusi xidmət orqanlarına və onlarla əlaqəli olan digər dövlətlərin xüsusi xidmət orqanlarına qarşı çox ciddi mübarizələr olub”.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Manset.az-a açıqlamasında səsləndirib. O bildirib ki, bu məsələ tək iki dövlətin arasında deyil, mövzuya regional-geosiyasi rəqabət, milli kimlik, dini ideologiya və təhlükəsizlik maraqları kontekstindən yanaşmaq lazımdır:
“Məlum məsələdir ki, İran dövlətinin Azərbaycanın bəzi siyasətlərindən narazı olması ilə Azərbaycanın daxili işlərinə müdaxilə etmək eyni şey deyil. Konkret müdaxilə iddiaları qiymətləndirilərkən rəsmi açıqlamalarla yanaşı yoxlanıla bilən faktlar, sənədlər və müstəqil araşdırmalara əsaslanmaq lazımdır. Əsas səbəblərdən biri budur ki, bu gün 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda qüvvələr nisbəti dəyişib. Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığı, regional mövqelərin güclənməsi, müstəqil xarici siyasət aparması, təbii ki, İranın bölgədəki təsir imkanlarını aşağı salır. Bu da məlumdur ki, İran bununla barışmaq istəmir. Eyni zamanda, İsraillə Azərbaycan arasında münasibətlər, o cümlədən, müdafiə sahəsində əməkdaşlıq Tehran üçün guya ki, əsas təhlükəsizlik məsələlərindən biridir. İran rəsmiləri Azərbaycanın ərazisinin İrana qarşı istifadə oluna biləcəyi barədə iddialar səsləndirirlər. Bu iddialar çoxdan rədd olunub, dəfələrlə Cənab Prezident İlham Əliyev səviyyəsində bu söhbətlərə son qoyulub. Buna baxmayaraq, İran yenə də bu prosesləri davam etdirir. Dini siyasi təsir imkanları məsələsinə yanaşsaq, İranın siyasi-dini sistemini və ideoloji baxışlarını Azərbaycanda yaymağa çalışan ciddi şəbəkəsi var. Bunun qarşısının alınması istiqamətində addımlar atıldı, vaxtilə bununla bağlı hansısa mitinqlərin keçirilməsinə cəhd edildi, xüsusi xidmət orqanları, Azərbaycan hökuməti bunun qarşısını aldı. Dindarlığın özü və İran dini ənənələrinə bağlılığı avtomatik olaraq xaricə müdaxilə etmək bunların prinsipidir, onlar buna çalışırlar. Eyni zamanda İran daxilindəki azərbaycanlılar amili də burada rol oynayır. İranda böyük azərbaycanlı əhali yaşayır. Müstəqil və güclü Azərbaycan dövlətinin mövcudluğu, milli kimlik və ana dilinin hüquqları ilə bağlı məsələlər İranın bəzi siyasi dairələrində həssaslıq yaradır. Buna görə də, bunu bütün dövlət qurumlarının vahid mövqeyi kimi təqdim etmək düzgün olmazdı. Nəqliyyat və geosiyasi dəhlizlər - Zəngəzur dəhlizi ilə bağlı dəfələrlə İran həm özünün, həm də digərlərinin mövqeyini ortaya qoymağa çalışır. Tehran xüsusilə Ermənistana sərhədinin və regional geosiyasi mövqeyinin dəyişməsindən narahatdır. Burada tək bir istiqamətdə müdaxilədən söhbət getmir, çox ciddi siyasətdən söhbət gedir. Düşünürəm ki, həm hüquq mühafizə orqanları, həm Azərbaycan hakimiyyəti, xüsusi xidmət orqanları tam şəkildə əməliyyat şəraitinə nəzarət edir və bu istiqamətdə ciddi addımlar atılır. Eyni zamanda Azərbaycan Xarici işlər nazirliyi İran hökümətinin dairələrinə yaxın media orqanlarında Azərbaycana qarşı aparılan kampaniya ilə əlaqədar dəfələrlə etirazını bildirib”.
Deputat qeyd edib ki, İranın bu yanaşmasında əsas məqsəd cəmiyyətdə etimadsızlıq yaratmaq, ictimai müzakirələri qütbləşdirmək, xarici siyasət məsələlərində çaşqınlıq yaratmaqdan ibarətdir:
“Əvvəllər onların fikri olub ki, burada islami dövlətin yaranması istiqamətində addımlar atsınlar, lakin Azərbaycan dünyəvi bir dövlətdir, özünün daxili və xarici siyasəti var, İranın siyasi-dini modelini Azərbaycana yeritmək mümkün deyil, radikal qruplar işləsə də, xaricdə dini məktəblərdə qeyri-şəffaf əlaqələr mövcud olsa da, bunlar mümkün deyil. Tədqiqatlarda da İranla əlaqələnən bəzi qrupların dini təhsil müəssisələrində və sosial mediada istifadə etdiyi var. Biz bunu görürük. Kəşfiyyat, cəsusluq, sabotaj riski də mövcuddur. Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələndirdiyi neft kəməri, digər obyektləri hədəfə almağı nəzərdə tutduğu bildirilən planların qarşısını alınması barədə ciddi məlumatlarımız olub, bunun qarşısı alınıb. Enerji infrastrukturlarının, insanların həyatının riskə düşməsinin qarşısı dəfələrlə alınıb. Beynəlxalq nəqliyyat marşrutları, kritik infrastrukturlara qarşı, iqtisadi itkilər, tranzit əlaqələrin pozulması və regionda gərginliyin artması ilə bağlıdır. Sərhəd təhlükəsizliyi, hərbi-siyasi təzyiq - bunlar da mühüm məsələlərdir. İran xüsusi xidmət orqanları dronlarla Azərbaycana narkotik maddələr göndərir, hava limanına zərər vurmağa çalışırdılar. Mülki əhalinin zərər görməsi, narkotik vasitələrin qanunsuz dövriyəsi, qaçaqmalçılıq və s. Təbii ki, bunların hamısı ideoloji təxribatın növüdür".
A. Nağıyev vurğulayıb ki, kritik infrastrukturu qorumaq istiqamətində Azərbaycan ciddi addımlar atır. Rabitə sistemləri, nəqliyyat xəttləri, strateji müəssisələr, dini fəaliyyətin şəffaflığının təmin olunması, informasiya təhlükəsizliyinin artırılması istiqamətində çox mühüm işlər görülür:
“Cənab Prezidentin başçılığı ilə diplomatik kanalları açıq saxlamaq, gərginliyin azaldılması istiqamətində çox ciddi addımlar atılır. Belə nəticəyə gəlmək olar ki, problemin kökündə yalnız dini və ideoloji fərqlər dayanmır. Burada regional güc balansı, İsraillə münasibətlər, ABŞ ilə münasibətlər, nəqliyyat dəhlizləri, İranın öz sərhədləri ətrafındakı təhlükəsizlik narahatlığı, Azərbaycanın müstəqil xarici siyasəti bir-biri ilə əlaqəlidir. Prinsipimiz budur. Cənab Prezidentin apardığı siyasət, suverenlik, ərazi bütövlüyü hər bir Azərbaycan vətəndaşının rifahıdır. Eyni zamanda Azərbaycan vətəndaşının tam şəkildə təhlükəsizliyinin qorunması, təhlükəsizliyinə qarşı olan təhdidin qarşısının alınmasıdır. Konkret müdaxilə və təxribat cəhdinə qarşı qətiyyətli davranacağıq. Hamının öz mövqeyi var, bizlər dünyəvi dövlətdə yaşayırıq, hamının əqidəsinə, məsləkinə, dini əqidələrinə, milli mənsubiyyətinə daim hörmətlə yanaşmışıq və yanaşağıq. Bu yanaşma milli təhlükəsizliyin və uzunmüddətli regional sabitliyin qorunmasına xidmət edəcək”, - deyə deputat əlavə edib.
Fidan Vəlisoy