“Azərbaycanla münasibət qurmaq istəyən hər bir dövlət ölkənin suverenliyinə, dünyəvi konstitusion quruluşuna və daxili işlərinə qarışmamaq prinsipinə hörmət etməlidir”.
Bunu Milli Məclisin deputatı Aydın Hüseynov Manset.az-a açıqlamasında deyib. Deputat bildirib ki, heç bir xarici dövlət, siyasi-dini mərkəz və ya ona bağlı informasiya resursu Azərbaycanın daxili ictimai-siyasi və sosial proseslərinə təsir göstərmək, ölkə daxilində həssas dini məsələləri siyasi təzyiq vasitəsinə çevirmək hüququna malik deyil.
Onun sözlərinə görə, Azərbaycanın təhsil, dövlət-din münasibətləri, milli təhlükəsizlik və daxili idarəçilik siyasəti yalnız Konstitusiya, milli qanunvericilik və Azərbaycan xalqının maraqları əsasında müəyyən edilir.
A.Hüseynov qeyd edib ki, Azərbaycan və İran qonşu dövlətlərdir və münasibətlərdə gərginliyin dərinləşməsi heç bir tərəfin uzunmüddətli maraqlarına uyğun deyil. Lakin qonşuluq münasibətlərinin davamlı olması üçün qarşılıqlı suverenliyə hörmət, daxili işlərə qarışmamaq və təhlükəsizlik sahəsində məsuliyyətli davranış əsas şərtlərdir.
“Son illərin təcrübəsi göstərir ki, etimad böhranı nəzəri təhlükə deyil. 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində bir əməkdaş həlak oldu, iki nəfər yaralandı və diplomatik heyət təhlükəsizlik səbəbindən təxliyə edildi. Səfirlik yalnız İran tərəfinin təhlükəsizlik təminatları ilə bağlı danışıqlardan sonra 15 iyul 2024-cü ildə yeni ünvanda fəaliyyətini bərpa etdi. 2025-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyi İran mediasındakı anti-Azərbaycan kampaniyalarına iki dəfə rəsmi etiraz etdi. 2026-cı il martın 5-də isə Azərbaycan XİN İran ərazisindən Naxçıvana dron hücumları həyata keçirildiyini, aeroport terminalına ziyan dəydiyini və iki mülki şəxsin yaralandığını açıqladı, İran tərəfdən təcili izahat və araşdırma tələb etdi. Sonrakı danışıqlarda Bakı həmin araşdırmanın tamamlanmasını yenidən gündəmə gətirdi.
Hazırda isə İranın bəzi media resurslarında guya Azərbaycanda etiraz aksiyalarının keçirilməsi ilə bağlı informasiya təxribatları həyata keçirilməkdədir. Belə hadisələrin təkrarlanması münasibətləri adi diplomatik fikir ayrılığından strateji etimadsızlıq mərhələsinə keçirə bilər. Bunun nəticəsi siyasi dialoqun zəifləməsi, diplomatik nümayəndəliklər ətrafında təhlükəsizlik problemləri, iqtisadi və nəqliyyat layihələrinin zərər görməsi və ən təhlükəlisi, informasiya qarşıdurmasının təhlükəsizlik müstəvisinə keçməsi ola bilər. Bu mənada İrandakı anti-Azərbaycan qruplarının bu tipli fəaliyyətləri ölkə ictimaiyyətini çox ciddi şəkildə narahat edir”, – deyə deputat bildirib.
A.Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan üçün qəbuledilməz olan məqam dinin siyasi təsir alətinə çevrilməsidir. Onun sözlərinə görə, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini etiqad azadlığını və İslam irsini də qoruyur. Buna görə də dini həssaslıq üzərindən dövlətin dünyəvi institutlarına qarşı kampaniya aparılması dini azadlığın müdafiəsi deyil, siyasi manipulyasiya məsələsidir.
“Şübhəsiz ki, Azərbaycanla münasibət qurmaq istəyən hər bir dövlət ölkənin suverenliyinə, dünyəvi konstitusion quruluşuna və daxili işlərinə qarışmamaq prinsipinə hörmət etməlidir. Qarşılıqlı hörmət birtərəfli öhdəlik deyil”, – deyə A.Hüseynov fikirlərini yekunlaşdırıb.