"Təəssüf ki, İranın müəyyən dairələri Azərbaycana qarşı qərəzli siyasətlərini davam etdirir və iki ölkə arasında gərginlik yaratmağa çalışırlar".
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, İranın rəsmi hakimiyyəti və ali rəhbərliyi Azərbaycanla dostluq və qardaşlıq münasibətlərinə hörmətlə yanaşdığını nümayiş etdirsə də, bəzi dairələr ictimai rəyi çaşdırmağa və münasibətlərdə gərginlik yaratmağa cəhd göstərirlər.
“Bəzən onlar dövlətin kütləvi informasiya vasitələrində də çıxış edirlər. Bu cür hərəkətlər, əlbəttə ki, yolverilməzdir. Azərbaycanın daxili məsələləri yalnız Azərbaycan cəmiyyətinin həll edəcəyi məsələlərdir. Heç bir halda hansısa ölkənin siyasi qüvvələri Azərbaycanın daxili işlərinə qarışa, ölkəmizə dair rəy bildirə və bu məsələləri bizimlə müzakirə edə bilməz.
Bununla belə, həmin dairələrin mövqeyi Azərbaycan-İran münasibətlərinə təsir edə bilməz. Biz qonşu ölkələrik və münasibətlərimizin yaxşı olmasında maraqlıyıq. Azərbaycan bundan sonra da əlaqələrimizin inkişafı üçün səy göstərəcək. İranın rəsmi dairələrinin bu mövqeyini görürük və qiymətləndiririk”, – deyə A.Mirzəzadə vurğulayıb.
Manşet.az