Xəbər verdiyimiz kimi, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlığı, xalqımızın mübarizə əzmini və qazandığı tarixi Qələbəni özündə əks etdirən “44” bədii filminin təqdimat mərasimi keçirilib. Vətən müharibəsinin ölkəmiz üçün yaratdığı tarixi və mənəvi dəyərləri kino sənətinin dili ilə tamaşaçılara çatdıran ekran əsəri tədbir iştirakçılarının marağına səbəb olub.
Manset.az filmin təqdimatından sonra ekran əsərinin ideya və məzmunu, Azərbaycan kinosunda tutduğu mövqe, eləcə də Vətən müharibəsi mövzusunun sənət vasitəsilə təbliğinin əhəmiyyəti ilə bağlı fikirləri öyrənmək məqsədilə Xalq artisti Afaq Bəşirqızı ilə həmsöhbət olub.
- Afaq xanım, siz də “44” bədii filmini izləyənlər arasında idiniz. Filmlə bağlı təəssüratlarınız necədir?
“ “44” filminə baxana qədər müəyyən bir nigaranlığım vardı. Sizə deyə bilərəm ki, mən filmdən çox böyük təəssüratla ayrıldım. Mən bu filmə yaradıcı bir insan kimi baxdım. İndiyə qədər bizim bir neçə müharibəyə həsr olunmuş filmlərimiz olub. Amma düzüdü desəm, həmin filmlərdə müəyyən səhnələr - döyüş səhnələri, bombaların partlaması və s. kimi səhnələr məni qane etməyib. Müəyyən qədər zəif qiymətləndirmişəm həmin səhnələri. Buna səbəb də həmin filmlərin lazımi sursatlarla zənginləşə bilməməsi olub. Amma “44” bədii filmində bütün vasitələrdən yüksək səviyyədə istifadə olunub. Bu filmdə çox böyük dəstək var. Film ortaya gətirmək çətin prosesdir, bütün bu çətinliklərin öhtəsindən layiqincə gələn Anar Ələkbərovdur”.
- Filmi ümumilikdə necə qiymətləndirirsiniz? Rejissor işi, aktyor işi, operator işi, səsləndirmə, montaj işini necə dəyərləndirirsiniz?
“Bütün kollektivin işi mükəmməl idi. Bu filmdə istər ssenarist, istər rejissor, istərsə də operator işi çox güclüdür, çox yüksək qiymətləndirirəm. Aktyor oyunu da çox yaxşı idi. Aktyorların performansı o qədər güclü idi ki, zaldakı hər kəsə, xüsusilə də şəhid analarına böyük təsir edirdi. Mən fikir verirdim onlar çox kövrəlmişdilər. Hər biri o filmdə öz övladı ilə bağlı müəyyən xatirələri tapırdı. Filmin musiqi seçimləri də çox gözəl idi. Məkan seçimləri də çox uğurlu idi”.
- Filmdə hansısa çatışmazlıqlar var idimi?
“Mən hələ ki filmlə bağlı analiz hissəsinə keçməmişəm. İlk baxışdan xırda nüanslar görürdüm amma qəribə şəkildə növbəti səhnələrdə elə nüanslar olurdu ki, ilk səhnədə nəzərə çarpan o çatışmazlıqları artıq ört-basdır edirdi. Açıq şəkildə etiraf edirəm, film çox müvəffəqiyyətli alınıb. Bu filmi yaradanlara eşq olsun”.
- “44” bədii filmində sizə ən çox təsir edən səhnə hansı oldu?
“Uşağın meyitinin gətirilməsi səhnəsi. Şəhid Lerikə gətiriləndə orada nə atanın, nə ananın fəryadı bilinmədi. Nəsibə Abdullayeva və Qurban İsmayılov o səhnəni çox gözəl oynadılar.Biri var ki,ağlayaraq içini tökürsən, biri də var ki, içindən yanırsan. Mən Nəsibə Abdullayevada o içindən yanma hissini gördüm, Qurban İsmayılovda Azərbaycan kişisinin qürurunu, təmkini gördüm. Sonrasında Cənab Prezidentin çıxışı və ardıyca da aktyorun əlindəki mismarı Şuşaya taxması olduqca təsirli idi. Sanki o, bir balasının intiqamını aldı”.
Fidan Vəlisoy