logo
logo logo
logo

“Heç kim Azərbaycanla bu tonda və bu formada danışa bilməz” - Azay Quliyev

16:25 - 15 Oktyabr 2026

“Heç kim Azərbaycanla bu tonda və bu formada danışa bilməz” - Azay Quliyev

“Azərbaycan–Türkiyə qardaşlığı və müttəfiqliyi əbədidir və müqəddəsdir. Ulu Öndər Heydər Əliyev iki qardaş xalq və dövlət arasında münasibətlərin düsturunu “Bir millət, iki dövlət” kimi müəyyən etməklə bu münasibətlərin daimi və toxunulmaz qalmasını tarixə həkk edib. Heç kim bu düstura xələl gətirə bilməz. Bu, hər iki tərəf üçün yol xəritəsi, milli və mənəvi bağımızın bel sütunudur".


Bunu Milli Məclisin deputatı Azay Quliyev Manset.az-a Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı açıqlamasında bildirib. Deputatın sözlərinə görə, bu düsturun əsas qayəsi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə iki güclü və müstəqil qardaş dövlət olaraq hər zaman bir-birinin yanında dursun, eyni zamanda bir-birinin daxili və xarici siyasətinə, siyasi müstəqilliyinə və suveren hüquqlarına hörmətlə yanaşsın, milli maraqlarını qorusun.

"Məhz bu amala və prinsiplərə əməl etdiyimizə görə Azərbaycanla Türkiyə tarixdə heç vaxt olmadığı qədər bir-birinə yaxınlaşıb, dost, qardaş və müttəfiq, eləcə də dünyada söz sahibi olan dövlətlərə çevrilib. Bu şərəfli missiyanın liderliyini isə prezidentlərimiz – cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan uğurla həyata keçirirlər. Heç də asan başa gəlməyən və müxtəlif vaxtlarda sınağa çəkilən bu tarixi nailiyyəti qorumalı, “Şuşa Bəyannaməsi”nin ruhuna xələl gəlməsinə, çirkin niyyətli müdaxilələrin və planların baş tutmasına imkan verməməliyik”.

Deputat son zamanlar Türkiyənin bəzi dairələrində iki ölkə arasındakı birlik və qardaşlığa xələl gətirmək cəhdlərinin, Azərbaycanın daxili işlərinə müdaxilənin və hədə-qorxu xarakterli bəyanatların narahatlıq doğurduğunu qeyd edib. O, xüsusilə Azərbaycanın konstitusion quruluşunun və dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınmasını tənqid edib.

“Ən narahatedici hal budur ki, həmin qüvvələr Türk dünyasının inkişafı və Türk Dövlətləri Təşkilatının güclənməsi, dünyanın güc mərkəzlərindən birinə çevrilməsi üçün böyük işlər görən Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevi, həmçinin Azərbaycanın konstitusion quruluşunu və dünyəvilik kimi dövlətçilik əsaslarını məqsədyönlü şəkildə hədəfə alırlar. Bu isə onların oynadıqları “hicab oyununun” nə qədər təhlükəli və təxribat xarakterli olduğunu bir daha nümayiş etdirir.

Hesab edirəm ki, bu cür kampaniyanın arxasında xarici dövlətlərin agent şəbəkələrinin, iki qardaşın arasına girmək, ixtilaf yaratmaq və Türk Dövlətləri Təşkilatını zəiflətmək istəyən qüvvələrin dayanması şübhə doğurmur. Bura radikal dini qrupları və Azərbaycanı xilafətə çevirmək istəyənləri də əlavə etmək lazımdır.

Açığı, biz bu məsələlərə müəyyən mənada əhəmiyyət verməyə də bilərdik və uzun müddət vermədik. Lakin Azərbaycan tərəfi Türkiyənin sosial media seqmentindəki təzyiq və müdaxilə kampaniyasına dözümlü yanaşdıqca, bu kampaniya daha da genişləndi və artıq həddini aşdı. Xüsusilə, Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və bəzi AKP millət vəkillərinin bu kampaniyaya qoşulması, Azərbaycana qarşı ultimatum dilində bəyanatlar səsləndirməsi, Ankaradakı səfirliyimizin və İstanbuldakı Baş Konsulluğumuzun qarşısında mitinqlərin keçirilməsi çox üzücü oldu və vəziyyəti daha da mürəkkəbləşdirdi.

Mən hesab edirəm ki, heç kim Azərbaycanla bu tonda və bu formada danışa bilməz. Bu, çox böyük səhv idi. Çünki bu kampaniyanı körükləyənlər təkcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də milli və strateji maraqlarına qarşı çıxmış olurlar”.

Azay Quliyev bildirib ki, Milli Məclisin Türkiyə ilə parlamentlərarası işçi qrupu və Yeni Azərbaycan Partiyası da məsələ ilə bağlı narahatlıqlarını ifadə edərək bu kampaniyanın Azərbaycan–Türkiyə qardaşlığına və müttəfiqliyinə zidd olduğunu, münasibətlərə zərər verə biləcəyini qeyd ediblər.

Deputat Türkiyənin rəsmi dairələrinin gərginliyin qarşısının alınması və Azərbaycana qarşı kampaniyanın dayandırılması üçün konkret addımlar atacağına ümid etdiyini bildirib. O, MHP sədri Dövlət Baxçalının və İYİ Partiyasının sədri Müsavat Dərvişoğlunun açıqlamalarını da müsbət qiymətləndirib.

“Ümid edirəm ki, bundan sonra gərginliyin qarşısının alınması və Azərbaycana qarşı kampaniyanın dayandırılması üçün Türkiyənin rəsmi dairələri konkret addımlar atacaq, iki qardaşın arasına nifaq salmaq istəyənlərin məkrli planının baş tutmasına imkan verməyəcəklər.

Bu baxımdan MHP sədri Dövlət Baxçalının və İYİ Partiyasının sədri Müsavat Dərvişoğlunun açıqlamalarını çox doğru və vaxtında verilmiş bəyanatlar hesab edir, onların hər ikisinə təşəkkür edirəm. İnanıram ki, Bakıda səfərdə olan qardaş Türkiyənin xarici işlər naziri Hakan Fidan da bu məsələdə hökumətinin konkret mövqeyini ortaya qoyacaq və beləliklə, bu qüvvələrin məkrli planları puç olacaq.

Əminəm ki, biz birlikdə nifaq salmaq istəyənlərin öhdəsindən gələcək, sarsılmaz qardaşlığımızı, birliyimizi və müttəfiqliyimizi ən yüksək səviyyədə davam etdirəcəyik”, – deyə deputat vurğulayıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az