“Azərbaycan müstəqil dövlətdir və beynəlxalq tərəfdaşlarını milli maraqlarına uyğun müəyyən etmək hüququna malikdir. Qardaşlıq münasibətləri heç bir halda tərəflərdən birinin digərinin daxili və xarici siyasətinə müdaxiləsi kimi başa düşülməməlidir. Xarici siyasətlə bağlı fikir ayrılıqları qarşılıqlı hörmət və diplomatik dialoq əsasında müzakirə olunmalıdır”.
Manset.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Türkiyənin bəzi siyasi dairələrində və media platformalarında Azərbaycanla bağlı səsləndirilən iddialara münasibət bildirərkən deyib. O bildirib ki, son günlər Türkiyənin bəzi siyasi dairələrində və media platformalarında Azərbaycanla bağlı səsləndirilən iddiaların heç bir əsası yoxdur. Yeni Azərbaycan Partiyasının oktyabrın 13-də yaydığı açıqlamada da haqlı olaraq bu qərəzli yanaşmaya etiraz ifadə olunub:
“Azərbaycan bütün tərəfdaşlarından, o cümlədən, Türkiyədən də müstəqil xarici siyasətinə və suveren qərarlarına hörmətlə yanaşılmasını tələb edir. Ortaq tarix, dil, mədəniyyət və strateji maraqlar üzərində qurulan Azərbaycan–Türkiyə münasibətləri hər zaman qarşılıqlı etimad prinsiplərinə əsaslanıb. Lakin qardaşlıq münasibətləri heç bir halda tərəflərdən birinin digərinin daxili və xarici siyasətinə müdaxiləsi kimi başa düşülməməlidir”.
Deputat qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq tərəfdaşlarını milli maraqlarına uyğun müəyyən etmək hüququna malikdir.
“Xarici siyasətlə bağlı fikir ayrılıqlarının olması normaldır, lakin bu məsələlərin yersiz ittihamlar və ya media üzərindən təzyiqlər əvəzinə, qarşılıqlı hörmət və diplomatik dialoq əsasında müzakirəsi daha məqsədəuyğundur. Siyasi dairələrdə əsassız ittihamlara son qoyulmalı, informasiya mühitində də ölkəmizə qarşı məsuliyyətli davranış nümayiş etdirilməlidir”, - deyə K.Nurullayev fikirlərinə əlavə edib.