“Azərbaycan müstəqil, suveren ölkədir. Bizim Türkiyə ilə qardaş olmağımız Türkiyənin daxili işlərimizə müdaxilə edəcəyi mənasına gəlmir. Türkiyə ilə xarici siyasət və strateji maraqlarımızda ortaq hərəkət edə bilərik, amma bu, bizim daxili məsələlərimizə müdaxilə hüququ vermir”.
Manset.az xəbər verir ki, bunu politoloq Turan Rzayev Türkiyənin bəzi siyasi dairələrində Azərbaycana qarşı səsləndirilən fikirləri və məktəbli formaları ilə bağlı qərardan sonra yaranan müzakirələri şərh edərkən bildirib. O qeyd edib ki, Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil.

“Türkiyədən, təəssüf ki, Azərbaycana qarşı informasiya hücumları, xüsusilə də sonuncu Nazirlər Kabinetinin qərarı sonrası verilən açıqlamalar təsadüfi deyil. Gələn hücumları iki cür başa düşmək olar. Birincisi, uzun müddətdə, xüsusilə AKP iqtidarı dönəmində Türkiyəyə sızmış, Türkiyədə yer edilmiş, hətta HÜDA PAR kimi bir siyasi partiyada təşkilatlanıb Türkiyə Cümhuriyyətinin parlamentinə girə biləcək İranmeyilli qüvvələr var. Bu İranmeyilli qüvvələr din əsaslıdırlar. Aydın məsələdir ki, İranın Türkiyədə təsir qrupu mövcuddur. Amma eyni zamanda burada AKP-nin çox ciddi şəkildə günahı var. Faktiki olaraq, AKP iqtidarı siyasi İslam adı altında bir ideoloji xətt yeridir. Bu ideoloji xətt Türkiyə Cümhuriyyətinin dünyəvilik, respublika və Atatürk prinsiplərinə daban-dabana ziddir.
Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarı, eyni zamanda dünyəvilik və dövlət prinsipləri faktiki olaraq AKP tərəfindən kobud şəkildə pozulur. Bu isə başqa ölkələrdə verilən qərarlara qarşı sərt reaksiyalarla özünü göstərir. Türkiyə Azərbaycanın müttəfiqi, strateji tərəfdaşıdır. Amma buna baxmayaraq, son atılan addımlar, təbii ki, heç bir halda müttəfiqliyə sığan addımlar deyil. Düzdür, biz buna görə Türkiyə ilə münasibətlərimizi korlamayacağıq. Türkiyə ilə Azərbaycanın münasibətləri yalnız AKP ilə bağlı məsələ deyil. AKP-dən əvvəl də münasibətlərimiz yaxşı olub. Amma indiki dövrdə baş verənlər, ən çox da Azərbaycanın daxili işlərinə müdaxilə edilməsi məsələsi bizi narahat edir. Bu, çox absurd yanaşmadır”.
T.Rzayev əlavə edib ki, Azərbaycan Fələstin məsələsində nümayiş etdirdiyi mövqeyə görə də Türkiyədə tənqidlərə məruz qalıb.
“Bundan əvvəl Fələstin məsələsi ilə bağlı Azərbaycanı tənqid etdilər. Halbuki Azərbaycan Fələstinə ən çox yardım göstərən ölkələrdən biridir. Bundan başqa, Azərbaycan Fələstin-İsrail münaqişəsində faktiki olaraq Fələstinin mövqeyini müdafiə edir. Həm də İsrail bizim strateji tərəfdaşımız olmasına baxmayaraq, bu məsələdə sərgilənən mövqe çox absurddur. Bu, boş populizmdən başqa bir şey deyil. Azərbaycanın Fələstində daimi nümayəndəliyi var. Bundan başqa, Fələstinin səfiri Azərbaycanda fəaliyyət göstərir. Fələstinin müstəqilliyini Azərbaycan tanıyır. Cənab Prezident dəfələrlə BMT tribunasından və bir çox digər platformalardan Azərbaycanın mövqeyini, Fələstinin mövqeyini dəstəkləyib. Amma çox maraqlıdır ki, buna görə İsrail bizimlə münasibətləri heç vaxt korlamayıb. Türkiyəyə qarşı heç bir addım atmadığımız halda isə Türkiyə bizi açıq şəkildə tənqid edir və bu mövzuda üzərimizə gəlir.
Bundan sonra da Nazirlər Kabinetinin vahid məktəbli forması ilə bağlı qərarına “hicab qadağası” kimi yanaşılır, Azərbaycanda hicab qadağası varmış kimi təəssürat yaradılır. Bu qayda, ümumiyyətlə, yalnız məktəblərdə müəllim və şagirdlərə şamil olunacaq. Bunun xaricində dövlət və digər müəssisələrdə belə bir qadağa yoxdur. Üstəlik, Türkiyədə keçirilən aksiyalarda səslənən şüarlardan biri də Azərbaycandakı yəhudi təmayüllü məktəblərdə kipa və digər yəhudi atributlu geyimlərin istifadəsinə icazə verilməsi ilə bağlıdır. Halbuki Nazirlər Kabinetinin son qərarından sonra buna da icazə verilmədiyinə dair konkret görüntülər və faktlar mövcuddur. Azərbaycan müstəqil, suveren ölkədir. Bizim Türkiyə ilə qardaş olmağımız Türkiyənin daxili işlərimizə müdaxilə edəcəyi anlamına gəlmir. Biz xarici siyasət və strateji maraqlarımızla bağlı ortaq hərəkət edə bilərik, amma bu, Azərbaycanın daxili məsələsidir.
İşin ən tragikomik tərəfi odur ki, Türkiyənin bir növ nəzarətində olan Şimali Kipr Türk Cümhuriyyətində belə bu qayda mövcuddur. Yəni məktəblərdə hicab taxılması qadağandır. Digər türk respublikalarında da belə qadağalar var. Biz adətən bu tip hücumları İrandan gözləyirdik, amma təəssüf ki, Türkiyədən də görürük”.
Politoloqun fikrincə, Türkiyədə İranın təsirinin artması və AKP iqtidarının daxili siyasətdə öz nüfuzunu qorumaq məqsədilə dini və vətənpərvərlik anlayışlarından istifadə etməsi bu prosesdə mühüm rol oynayır.
“Bu, faktiki olaraq, İran təsirinin Türkiyədə hansı həddə çatdığını, ikincisi isə AKP iqtidarının daxili siyasətdəki nüfuzunu qorumaq üçün “vətən, millət, sakarya, din, İslam” anlayışlarını bir araya gətirərək insanlara təlqin etdiyini və onları manipulyasiya etməyə çalışdığını göstərir. Türkiyə cəmiyyəti, təəssüf ki, bir qədər populist cəmiyyətdir və buradakı insanların dini və vətənpərvərlik düşüncələri ilə çox rahat oynamaq olur. AKP iqtidarının son dövrlərdə, xüsusilə filmlər üzərindən yaydığı siyasi İslam bu gün Türkiyə cəmiyyətinə ciddi fəsadlar yaradıb. Atatürk prinsiplərindən uzaqlaşan, dünyəvi dəyərlərdən kənara çıxan bu yanaşma ordudan tutmuş siyasətə, cəmiyyətin fərqli təbəqələrinə qədər nüfuz edib. Bunun nəticəsidir ki, bu gün Türkiyədə günü-gündən artan kürd separatizmi mövcuddur.
AKP iqtidarının səriştəsiz siyasəti nəticəsində illərdir əli türk və kürd gənclərinin qanına batmış Abdullah Öcalanın az qala həbsxanadan çıxarılaraq parlamentə gətirilməsi məsələsi gündəmə gəlir. AKP-nin bütün bu məsələləri kənara qoyub Azərbaycanda qəbul edilən bir qaydanın arxasınca düşməsi, aydın məsələdir ki, özünün səriştəsiz siyasətini pərdələməyə çalışmasıdır”, – deyə Turan Rzayev qeyd edib.
Fidan Vəlisoy