Son günlər Azərbaycanda vətəndaşlar arasında qızdırma ilə müşahidə olunan xəstəlik halları artıb. Xəstəliyin əlamətləri, yayılma səbəbləri və mümkün ağırlaşmalarla bağlı narahatlıqlar yaranıb. Xüsusilə, uşaqlar arasında müşahidə olunan yoluxma hallarının artması diqqət çəkir.
Bəs bu vəziyyət mövsümi respirator virus infeksiyaları ilə bağlıdır yoxsa daha ciddi təhlükədən xəbər verir?
Məsələ ilə bağlı Manset.az-a danışan Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov bildirib ki, hazırda müşahidə olunan vəziyyət qeyri-adi xarakter daşımır. Onun sözlərinə görə, havaların soyuması və insanların qapalı məkanlarda daha sıx təmasda olması respirator virus infeksiyalarının yayılmasını sürətləndirir.

“Əslində, qeyri-adi və fərqli bir durum yoxdur. Yəni, bu, ciddi bir narahatlığa səbəb ola biləcək vəziyyət deyil. Hər il payız fəsli başlayanda, havalar bir qədər soyuyanda tənəffüs yolu infeksiyalarının yayılması artır. İnsanlar kollektivlərdə, qapalı yerlərdə olduqları üçün yoluxma halları çoxalır. Bu, həmişə belədir.
Hazırda həm uşaqlar, həm də böyüklər arasında kəskin respirator virus infeksiyalarının nisbətən artımı hiss olunur. Burada qeyri-adi bir pandemiya və ya epidemiyadan söhbət getmir. Söhbət mövsümi olaraq respirator virus infeksiyalarının artmasından gedir. Uşaqlar məktəblərdə və bağçalarda bir-biri ilə sıx təmasda olur, yoluxurlar. Onlar böyükləri, böyüklər isə kollektivlərdə digər insanları yoluxdura bilərlər”.
Rafiq Bayramov xəstəlikdən qorunmaq üçün bir sıra tövsiyələr də verib. O bildirib ki, xəstəliyin aktiv dövründə mümkün qədər təcrid olunmaq və infeksiyanın başqalarına keçməsinin qarşısını almaq vacibdir. Həkim həmçinin özbaşına antibiotik və müxtəlif dərman preparatlarından istifadə etməməyi tövsiyə edib.
“Xəstəliyin aktiv dövründə mümkün qədər təcrid olunmaq, digər insanları yoluxdurmamağa çalışmaq lazımdır. Özbaşına antibiotiklərdən istifadə etmək düzgün deyil. Ümumi simptomatik müalicə vasitələrindən yararlanmaq olar. Məsələn, qızdırma 38 dərəcəni keçdikdə parasetamol tərkibli dərman preparatları qəbul edilə bilər. Bol ilıq maye içmək də tövsiyə olunur. Əgər üç gün ərzində əlamətlər keçməzsə, temperatur aşağı düşməyib eyni qalarsa və ya artarsa, ciddi tənəffüs narahatlığı, nəfəs darlığı, öskürək və bəlğəm ifrazı güclənərsə, həkimə müraciət etmək lazımdır. Həkim müayinə apararaq vəziyyətə uyğun müalicə təyin edər.
Tənəffüs yolu infeksiyaları körpələr, yaşlılar və yanaşı xəstəlikləri olan insanlar üçün daha risklidir. Bu qruplarda xəstəlik ağır keçə və müxtəlif fəsadlara səbəb ola bilər”, - deyə R.Bayramov fikirlərini yelunlaşdırıb.
Fidan Vəlisoy