Azərbaycan ilə Macarıstan arasında münasibətlər son illərdə yüksək dinamika və etimada əsaslanaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Hər iki ölkənin liderlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər və birgə layihələr bu əlaqələrin yalnız rəsmi müstəvidə deyil, həm də xalqlar arasında dostluq və tərəfdaşlıq ruhunda inkişaf etdiyini göstərir.
Bu fikirləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Millət vəkili vurğulayıb ki, 2025-ci ilin may ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana etdiyi işgüzar səfəri zamanı verilən bəyanatlar, tərəflər arasında münasibətlərin dərinliyi və çoxşaxəliliyi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan və Macarıstan arasında qarşılıqlı hörmətə və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və bu tərəfdaşlıq təkcə siyasi bəyanatlarla deyil, real layihələrlə təsdiqlənir. Macarıstan Avropa İttifaqı ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq haqqında saziş imzalayan ilk dövlətlərdən biridir. Bu faktın özü Azərbaycanla Macarıstan arasında siyasi etimadın yüksək səviyyədə olduğunu və hər iki tərəfin münasibətləri strateji tərəfdaşlıq müstəvisində davam etdirmək istəyində və əzmində olduğunu aydın şəkildə göstərir".
Deputatın sözlərinə görə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir:
"Macarıstan şirkətləri Azərbaycanın iki əsas neft və qaz
layihəsində - “Azəri-Şıraq-Günəşli” və “Şahdəniz” yataqlarında paya sahibdir.
Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkətinin fəaliyyətə
başlayacağı gözlənilir. 2023-cü ildən etibarən Azərbaycan qazının Macarıstana
nəql olunması, Azərbaycanın Macarıstanın təbii qaza olan ehtiyacının tam
şəkildə qarşılamaq əzmində və gücündə olması, həmçinin “yaşıl enerji dəhlizi”
layihəsində birgə fəaliyyət bu əməkdaşlığın miqyasını genişləndirir və
əhəmiyyətini artırır.
Səfər çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanın söylədiyi
sözlər iki ölkə arasındakı münasibətlərin mahiyyətini aydın şəkildə ifadə etdi:
“Biz bu gün Macarıstanın
köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki,
Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz
sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə
Prezident Əliyev bizim yanımızda olub”. Bu fikirlər Azərbaycan
ilə Macarıstan arasında münasibətlərin yalnız rəsmi və diplomatik səviyyədə
deyil, həm də şəxsi münasibətlər, səmimi dostluq və qarşılıqlı dəstək üzərində
qurulduğunu göstərir. Orbanın bu sözləri, xüsusilə də “dost dar gündə tanınar”
ifadəsi, Azərbaycan rəhbərliyinin Macarıstana daim göstərdiyi siyasi və iqtisadi
dəstəyə verilən yüksək qiymətin göstəricisidir.
Tərəfdaşlığın daha bir mühüm göstəricisi isə Türk Dövlətləri Təşkilatının Zirvə
toplantısının ilk dəfə olaraq Macarıstanda keçirilməsidir. Bu
fakt Macarıstanın türk dünyasına verdiyi əhəmiyyətin göstəricisidir və
Azərbaycanın bu prosesdə oynadığı aparıcı rolu bir daha təsdiqləyir.
Macarıstanın baş naziri Viktor Orbanın qeyd etdiyi kimi, beynəlxalq diplomatiyada qasırğalı
vəziyyətin hökm sürdüyü bir dövrdə dost ölkələrin bir araya gəlməsi və
əməkdaşlıq platformaları ətrafında birləşməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycan–Macarıstan münasibətləri qarşılıqlı maraq, strateji baxış
və dərin dostluq prinsiplərinə əsaslanır. Bu münasibətlər regional və qlobal
səviyyədə sülh, əməkdaşlıq və inkişaf naminə nümunəvi model kimi çıxış edir.
Azərbaycan və Macarıstan liderlərinin qətiyyəti və xalqların bir-birinə olan qarşılıqlı
rəğbəti bu münasibətlərin gələcəkdə daha da dərinləşməsi və genişlənməsi üçün
zəmin yaradır".