Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

15:26 - 22 May 2025

Beynəlxalq təşkilat Ermənistana Konstitusiya dəyişikliyi çağırışı etdi

AMİP sədri Arzuxan Əlizadə, AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev və AMİP Qadınlar təşkilatının sədr müavini İlhamə Əliyeva BDİ-2025 Forumunda iştirak etmək məqsədi ilə 13-17 may tarixlərində Belçikanın paytaxtı Brüsseldə səfərdə olub.


Manset.az xəbər verir ki, səfər Beynəlxalq Demokrat İttifaqının (International Democracy Union) dəvətinə əsasən baş tutub.

İki gün davam edən Forumda BDİ üzvü olan sağ mərkəz yönümlü partiyalarının rəhbərləri, hazırkı və sabiq dövlət və hökumət mənsubları, Avropa parlamentinin deputatları və Avropa İttifaqının komissarları, həmçinin, ABŞ Respublikaçılar partiyasının rəhbərliyində təmsil olunan senatorlar və konqresmenlər, Avropa parlamentinin ən böyük fraksiyası olan Avropa xalq partiyasının (EPP) rəhbərliyi, eləcə də bir sıra Avropa media qurumlarının rəhbərləri və politoloqlar iştirak ediblər.

Dünyada mövcud olan siyasi və iqtisadi problemlər, qadınların ictimai-siyasi həyatda rolu, Rusiya-Ukrayna müharibəsi və bu konteksdə  Avropada təhlükəsizlik məsələləri, eləcə də dünyanın müxtəlif yerlərində mövcud olan konfliktlər və həll yolları Forumda əsas müzakirə olunan mövzular sırasında olub.

Forumun gedişatında həmçinin Cənubi Qafqazda dayanıqlı sabitliyə nail olunması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının əhəmiyyətini vurğulayan sənəd yayılmışdır. Bununla əlaqədar olaraq AMİP-in təqdim etdiyi məlumatlar əsasında sülh müqaviləsinə əsas maneə kimi Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəanın olduğu qeyd olunmuş və Beynəlxalq Demokrat İttifaqının Ermənistan tərəfindən Referendum yolu ilə bu maneənin aradan qaldırılmasının vacibliyini özündə əks etdirən “Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasına dair” xüsusi Bəyanatı qəbul olunub.   

Səfər çərçivəsində AMİP sədri və nümayəndə heyətinin üzvləri tərəfindən Forumun işində iştirak edən bir çox siyasilərlə, o cümlədən  Kanadanın 22-ci baş naziri Stefen Harper, Avropa Xalq partiyasının (EPP) prezidenti Manfred Veber və AXP-nin yeni seçilmiş baş katibi xanım Dolors Montserrat, Böyük Britaniyanın mühafizəkarlar partiyasından olan keçmiş baş nazirlər Liz Truss, Boris Conson, eləcə də  partiyanın hazırkı lideri xanım Kemi Badenoch və digərləri ilə  görüşlər keçirilmiş, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mayın 16-da Avropa Parlamentinin inzibati binasında Beynəlxalq Demokrat İttifaqının (IDU) üç ildən bir keçirilən növbəti Qurultayı baş tutmuş və Təşkilatın yeni rəhbər strukturları formalaşmışdır. Kanadanın sabiq Baş naziri Stefan Harper İDU-nun Prezidenti, Tina Mercep isə Baş katib vəzifəsinə seçilib.

Məlumat üçün bildiririk ki, Beynəlxalq Demokrat İttifaqı (ing.-İDU) dünyanın 100-dən çox ölkəsinin 80-dən artıq sağ mərkəz yönümlü  partiyasını öz ətrafında birləşdirən nüfuzlu qurumdur və AMİP 25 ildən artıqdır ki, bütün türk dünyasından yeganə siyasi təşkilat olaraq BDİ-nin tam hüquqlu üzvüdür. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv