Azərbaycanda deputat maaşı kifayət qədər yüksəkdir. Ancaq bəziləri üçün deputatlıq sui-istifadələr üçün bir vasitədir, bu ad altında çirkin fəaliyyətlərini pərdələməyə çalışırlar. Azərbaycanda “deputat QHT”ləri haqqında çox deyilib.
Manset.az Konkret.az-a istinadən QHt-lər haqqında araşdırmanı təqdim edir.
Deputat Məlahət İbrahimqızının sədri olduğu “Lider Qadınlar”
ictimai birliyi barədə.
“QHT biznesi lideri”
2000-ci ilin noyabrında Məlahət
İbrahimqızının deputat kreslosunda yerini rahat edən kimi ilk işi özünə QHT
təsis etmək olub. 2001-ci ilin fevralında o, yaxın bildiyi deputat
həmkarlarının qulağına artıq “Parlament Qadınları” ictimai birliyinin sədri olduğunu
pıçıldayır, təbriklər qəbul edirdi. Bir müddət özünü az qala “parlament
qadınlarının fraksiyasının lideri” kimi qələmə verməyə çalışırdı, amma hörmətli
“lider”i ciddi qəbul edən olmadı. Həvəsdən düşən Məlahət İbrahimqızı da hirsini
QHT-nin adını dəyişməklə soyutmağa çalışdı – bu dəfə QHT-nin adı “Lider
Qadınlar” ictimai birliyinə dəyişdi.
Ötən 24 illik fəaliyyəti dövründə
bu QHT-nin cəmi 5 üzvü olub, onlardan biri də elə Məlahət İbrahimqızı özüdür,
bu QHT-ni “gördüm”, “eşitdim”, “bildim” deyən olmasa da, Məlahət İbrahimqızının
deputat telefonundan bu QHT-nin adı düşməyib. Axı ona deputat kimi müxtəlif
qadınlar, o cümlədən “Lider Qadınlar” ictimai birliyinin üzvləri tez-tez
müraciətlər edirlər, o da araşdırıb görür ki, belə işlək təşkilat heç ələ
düşməz, onlara mütləq dəstək olmaq lazımdır – xahişlər adətən bu cümlələrlə
başlayırdı. Çoxlarının ağlına gəlmirdi ki, elə bu tərifli QHT-nin sədrinin
kimliyi ilə də maraqlansınlar. İxtisasca pediatr-həkim olan Məlahət
İbrahimqızının birdən-birə tarix üzrə alimlik dərəcəsi alması ağlagəlməz olduğu
kimi bunun da ağla gəlməsi müşkül olardı.
Xarici donorlarla ən çox işləyən
deputat?
Apardığımız araşdırmalar
göstərir ki, Məlahət İbrahimqızı xarici donorlarla ən çox iş təcrübəsinə malik
QHT sədrlərindən biridir. Onun USAID, ABŞ, Norveç səfirlikləri ilə işləri üzə
çıxarılmalıdır. İctimaiyyətin Məlahət İbrahimqızının bu müddət ərzində gizlədə
bildiyi siması ilə tanış olmaq haqqı var. Yəqin ki, bu araşdırmamız
hüquq-mühafizə orqanları üçün də maraqlı olar. Məsələn, təkcə Yaponiyanın
Azərbaycandakı Səfirliyindən Məlahət İbrahimqızı 600 min dollar qrant alıb,
ABŞ-ın “Counterpart International” təşkilatı isə parlament seçkilərinin
birindən öncə ona 24 min manatdan çox qrant açıb.
Görəsən, bu vəsaitlər hara və necə
xərclənib? Məlahət İbrahimqızı bu suallara özü cavab versə, yaxşı olar. Ona bu
imkanı tanımağa hazırıq.
Kağız üstündə layihələr – silinən
pullar…
Məlahət İbrahimqızının vaxtilə
Azay Quliyevin QHT Şurasından aldığı bir layihə az qala lətifə kimidir.
Layihənin adı nə olsa yaxşıdır?! – “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllinə millət vəkillərinin yaxından cəlb edilməsi”. Bu layihəyə
görə Azay Quliyev 2013-cü ildə deputat həmkarına 31 min manat qrant ayırıb. Çox
maraqlıdır, deputat Məlahət İbrahimqızı bu layihəyə hansı deputatları cəlb
edib, onlar Qarabağ barədə qrantla danışıblar, yoxsa bu barədə
danışmayacaqdılar?!
YAP Siyasi Şurasının üzvü bilməmiş
olmamalı idi ki, “Dağlıq Qarabağ münaqişəsini heç bir deputat həll edə bilməzdi
və bilmədi də!”. Bu münaqişəni tarixin arxivinə çevirən Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyev oldu!
Görəsən, Məlahət İbrahimqızı
həmin 31 min manatla hansı münaqişəni həll edib?! Bəlkə, Azay Quliyev, Umud
Rəhimoğlu ilə şərikli “bağça biznesi işi”nə görə aralarında yaranmış münaqişə
üçün olub?!
Günaha girməyək, bəlkə də elə həmin
layihə ilə alınmış bintlərlə Məlahət İbrahimqızı 2020-ci il Vətən müharibəsi
zamanı deputatı olduğu 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin ərazisini tərk
edərək cəbhə xətti ətrafındakı rayonlara yollanıb, orada pediatr -həkim kimi
atəş altında qalan yaralı uşaqların qan aparan yaralarını sarıyıb? Bəlkə,
“münaqişənin həlli” dedikdə, elə bunu nəzərdə tuturmuş…
Hazırda Qərbi Azərbaycan
İcmasının Qadınlar Şurasının sədri olan Məlahət İbrahimqızının “Lider Qadınlar”
ictimai birliyi “Qərbi Azərbaycan probleminin həllinə millət vəkillərinin
yaxından cəlb edilməsi” adlı layihə ilə çıxış etsə, heç təəccüblü olmaz, yəqin
ki, bu başlıq çoxdan hazırdır. Amma hiss olunur ki, Məlahət İbrahimqızının
işləri əvvəlki kimi getmir. Son vaxtlar o, əlinə mikrafon düşən kimi möhkəm
gileylənir ki, Qərbi Azərbaycan mövzusunda müxtəlif QHT-lər ondan icazəsiz
layihələr icra edirlər, buna necə dözmək olar?!
Qərbi Azərbaycana Qayıdış mövzusunu
inhisarlaşdırmaq?
YAP Siyasi Şurasının üzvü gərək
biznes işlərindən vaxt tapanda Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin nitqlərini diqqətlə dinləsin. Onda başa düşər ki, Qərbi Azərbaycana
qayıdış mövzusu Azərbaycanın milli ideyasının yeni hədəfidir, bu, ümummilli
mövzudur, bu, bütün Azərbaycanın, xalqımızın ürəyinin səsidir. Necə ki, əvvəl
Qarabağa qayıdış belə idi. Məgər Qarabağ barədə son 30 ildə ancaq adında
“Qarabağ” sözü olan QHT-lər danışıb? Bu, siyasi savadsızlıqdır, yoxda müxtəlif
QHT-lərin Qərbi Azərbaycan layihələrinə göz dikmək?
İnsafla demək lazımdır ki, son
illər QHT cameəsinin Qərbi Azərbaycan mövzusunda icra etdiklərini layihələrin
keyfiyyəti xeyli yüksəlib, əslində, bu QHT layihələri olmasa, heç Məlahət
İbrahimqızı kimi bəzi deputatların da Qərbi Azərbaycan mövzusundakı tədbirlərdən
şəkillərini tapmaq olmaz. Məsələn, elə bu günlərdə Məlahət İbrahimqızı
Ankaradan – mötəbər QHT tədbirindən – Qərbi Azərbaycana Qayıdışla əlaqədar
beynəlxalq konfransdan qayıdıb. Deyilənlərə görə, orada adam qalmayıbmış şəkil
çəkdirmiş olmasın. Mətbuatda yayılmış məlumatlardan aydın oldu ki, bu tədbirin
də donoru QHT Agentliyi imiş. Görəsən, bəs Qərbi Azərbaycan İcmasının Qadınlar
Şurası hansı beynəlxalq tədbirlərə qol qoyub?! “Lider Qadınlar” ictimai birliyi
necə?
Məlumatlara görə, “Lider
Qadınlar” Məlahət İbrahimqızının “QHT şəbəkəsi”nin yalnız bir üzvüdür. Bu
şəbəkənin ifşası, maliyyə fırıldaqlarının üzə çıxarılması üçün mövzu davam etdiriləcək.