- Azərbaycan xalqı tarix boyu müxtəlif sınaqlardan keçmiş, lakin hər dəfə öz milli kimliyini və dövlətçilik ruhunu qoruyub saxlamışdır. 1991-ci ildə isə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan böyük təhlükələrlə üz-üzə qalmışdı. Ölkədə hakimiyyət böhranı, siyasi qarşıdurmalar və vətəndaş qarşıdurması təhlükəsi dərinləşmişdi. Belə bir ağır və taleyüklü dövrdə xalqın yeganə ümid yeri dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev oldu.
- Məhz onun xalqın təkidli dəvəti ilə yenidən siyasi rəhbərliyə qayıdışı ölkədə sabitliyin və inkişafın əsasını qoydu. 15 İyun 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi oldu və bu gün haqlı olaraq Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu tarixi hadisə dövlətimizin yenidən qurulmasının, xalqın gələcəyə inamının və milli dirçəlişin başlanğıcı kimi dəyərləndirilir.
- Azərbaycan müstəqillik əldə etdikdən
dərhal sonra, 1991-ci ilin oktyabrından başlayaraq ölkədə daxili vəziyyət və
hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos,
hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı.
Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu
yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və
qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyəti ələ
keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə
edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi
təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın
görkəmli oğlu ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın
və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da
Bakıya gəldi. Ulu öndər Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş
müharibəsinin qarşısını ala bildi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər
Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun
tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis
1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ulu öndər Heydər Əliyevin
1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi,
sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb,
elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu
prosesi başlanıb.
Ümumilli lider Heydər Əliyevin həyata
keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami
silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı
mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi
və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında
ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunub. Azərbaycan
daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam
və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin
müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun
gerçəkləşdirilməsi ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və
müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft
strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin
rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan
xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə
son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz
silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət
quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan
dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci
il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndər Heydər Əliyevin
qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz
buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət
quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil
Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə
Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar
olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla,
sürətlə həyata keçirilməsi şəxsən ümumilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə
başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən
yeni bir ideologiyanın əsası qoyulmuşdur.Ulu öndər Heydər Əliyevin apardığı
daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan
ibarət olub.Ümummilli lider Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar,
bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi,
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının,
aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
Ulu öndər Heydər Əliyev demokratik,
hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan
hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı
zəmin yaradıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan
dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq
təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə
əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin xarici siyasət
məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan
uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu
tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin
bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Ulu öndər Heydər
Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik
dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb
olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola
bilib.
Ulu öndər Heydər Əliyevin xarici
siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə
və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə
faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün
nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər
xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin
möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün
mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı
surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası
əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri
dayanırdı. Ulu öndər Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər
arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və
möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərib. O, bütün türk
dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanıb. Ümummilli lider Heydər Əliyev
Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin
üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə
yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və
həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib.
Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli
beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir
sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan
aparıcı rol oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin
birləşməsində də ümummilli lider Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə
səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və
həmrəyliyinin əldə edilməsi işində ümummilli lider Heydər Əliyevin müstəsna
xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir
Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy
göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib. Ümummilli
lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün
sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə
çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz
bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi var.
Ümummilli lider
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün
qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni zamanda, taleyin xalqımıza bəxş
etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan
vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin
ideya əsasını məhz ümummilli lider Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin
fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət
idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu
böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin
inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
Ulu öndər Heydər
Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya
azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə
çevrilib. Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli
Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Ötən illər ərzində
Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda ümummilli lider
Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər
Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında
Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab
İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident
İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan
dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu
gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi
uğurlara imza atılıb. Bu uğurların tacı isə heç şübhəsiz Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun
əldə etdiyi tarixi şanlı Zəfərlər və müverenliyimizin, ərazi bütövlüyümüzün tam
təmin olunmasıdır. Bu gün ölkəmiz beynəlxalq aləmdə Qalib ölkə, xalqımız isə
Qalib xalqı kimi təmsil olunur. Bütün bunlar da öz mənbəyini əlbəttə ki, 15
iyun-Milli Qurtuluş Günündən əldə edib.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində əsl qurtuluş və dirçəlişin başlanğıcı olmuşdur. Bu tarixi gün xalqın iradəsi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı, ölkəni siyasi və sosial fəlakətdən xilas etdiyi gündür. 1990-cı illərin əvvəllərində dövlətçiliyin məhvolma təhlükəsi qarşısında qaldığı bir dövrdə ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək ölkənin xilaskarı kimi tarixə düşdü. Ulu öndərin qətiyyəti, zəngin idarəçilik təcrübəsi və müdrik siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, dövlət institutları bərpa edildi, ordu quruculuğu prosesinə başlanıldı. Milli həmrəyliyin təmin edilməsi, hüquqi dövlətin əsaslarının qoyulması və azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi məhz bu dövrdə reallığa çevrildi. 15 İyun tarixinin əhəmiyyəti təkcə siyasi sabitliyin bərpası ilə məhdudlaşmır. Bu gün ölkənin iqtisadi inkişafının, beynəlxalq nüfuzunun və qalib dövlət statusunun təməli məhz həmin dövrdə atılmışdır. Ümummilli Liderin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Qurtuluş Günü müstəqilliyimizin ikinci nəfəsi, milli dövlətçiliyimizin qurtuluşu, xalqımızın gələcəyinə inamının rəmzidir. Tarixi və siyasi baxımdan 15 İyun, müstəqil Azərbaycanın inkişafı yolunda ən mühüm dönüş nöqtəsi olmaqla, hər bir vətəndaş üçün fəxr və qürur günüdür. Bu gün həm keçmişi unutmamaq, həm də gələcəyə daha güclü irəliləmək üçün milli birliyin simvoluna çevrilmişdir.
Zahid Cəfərov
YAP Yasamal
rayonu “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri,
BDU-nun Hüquq fakültəsinin professoru, h.e.d, Qərbi Azərbaycan İcması İdarə
Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri