- Azərbaycan tarixində mühüm dönüş nöqtələrindən biri olan 15 iyun – Milli Qurtuluş Günü, xalqımızın dövlətçiliyinin xilası və müstəqilliyimizin möhkəmlənməsində əvəzsiz rol oynamışdır. Bu gün, yalnız təqvimdəki sadə bir tarix deyil, eyni zamanda milli yaddaşımızın, azadlıq iradəmizin və dövlətçilik ənənəmizin yenidən dirçəliş günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan ulu öndər Heydər Əliyevdir.
Ümummilli
lider Heydər Əliyevin adı çəkiləndə bütün həyatını dövlətinin, xalqının işıqlı
gələcəyinə həsr edən, ölkəsini hər zaman zirvələrdə görmək istəyən, ideyaları
ilə gələcəyin aydın mənzərəsini təqdim edən şəxsiyyət göz önünə gəlir. Tarixdə
şəxsiyyətlərin rolundan hər zaman bəhs edilir. Dünya təcrübəsi göstərir ki,
böyük şəxsiyyətlərin ideyaları cəmiyyətdə baş verən hadisələrə çox ciddi təsir
göstərir. Bu baxımdan milli liderin dünyagörüşü, həyat təcrübəsi və siyasi
iradəsi inkişaf strategiyasının istiqamətlərini şərtləndirir, ən çətin
məqamlarda düzgün seçim etməyə geniş imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə
qeyd etsək, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır
ki, onun milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın nəbzini
müəyyənləşdirdiyi inkişaf strategiyası ilə tənzimləyən Lideri vardır. Liderliyi
şərtləndirən meyarların müxtəlifliyi fonunda öncə bu məqama diqqəti yönəltmək
istərdik ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək
və bununla bağlı müəyyənləşdirdiyi uzaqgörən siyasətini həyata keçirə
bilməkdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev məhz belə
şəxsiyyətlərdəndir. Onun ideyaları Azərbaycanın dünəninin, bu gününün və
gələcəyinin əsasıdır.
Bu gün hər
kəs, istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə də bütün dünyada yaşayan
azərbaycanlılar yaxşı bilir ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti müasir
Azərbaycanın dövlətçilik tarixində ən parlaq simadır. Azərbaycan xalqının
qəlbində əbədiyaşar yerə sahib, hələ sağlığında Ümummilli Lider statusunu
qazanan, Ulu Öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir
Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu kimi tarixə düşüb. Bəli,
hər kəsin bildiyi və qəbul etdiyi, bəzilərinin istəməsə belə qəbul etməyə
məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir
dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır. Azərbaycan tarixində
silinməz izlər qoymuş dahi şəxsiyyətin biz azərbaycanlılara bəxş etdiyi
saysız-hesabsız tarixi günlər vardır ki, xalqımız bu gün həmin tarixləri əsl
bayram kimi qeyd edərək dahi şəxsiyyəti böyük hörmət və ehtiramla anır.
Azərbaycan
tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 32 il
ötür. Bu o tarixdir ki, həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas
edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu,
respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın
təməlini qoydu.
Ümummilli
lider Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. XX əsrin
sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən
Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Vətəndaş
müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi,
hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü
illərin ortalarınadək ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq, avantürist
eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni
yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi
hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi
vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə
görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar
əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün
nəticə çıxara bilmirdi.
Azərbaycan
torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə
gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu
ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir
liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi
ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz
vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir.
Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Ümummilli Liderin
ətrafında sıx birləşməklə gələcək taleyini özü həll etmək niyyətində idi.
Beləliklə, 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək
Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin
gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün
həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru
mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən
başlandı.
1994-cü il
sentyabrın 20-də imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft
kontraktı müasir Azərbaycanın enerji strategiyasının başlanğıcı və iqtisadi
müstəqilliyinin əsasını təşkil edən mühüm sənəd oldu. Bu müqavilə dövlətimizin
Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun
işlənməsi üçün dünyanın aparıcı neft şirkətləri ilə tərəfdaşlığa daxil olması
baxımından strateji əhəmiyyət daşıyırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi
iradəsi və uzaqgörənliyi ilə həyata keçirilmiş bu nəhəng layihə ölkənin gələcək
taleyini müəyyən edən dönüş nöqtəsinə çevrildi. “Əsrin müqaviləsi” nəticəsində
Azərbaycan ilk dəfə olaraq beynəlxalq enerji bazarına inteqrasiya olundu və öz
təbii sərvətlərindən səmərəli istifadə edərək güclü iqtisadi bünövrə
formalaşdırmağa başladı. Transmilli şirkətlərlə qurulan əməkdaşlıq sayəsində
ölkəyə milyardlarla dollar məbləğində xarici sərmayə cəlb olundu, bu isə həm
enerji sektorunun, həm də qeyri-neft sahələrinin canlanmasına təkan verdi. Eyni
zamanda, müqavilənin reallaşdırılması üçün Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq
əhəmiyyətli neft kəmərinin inşası zərurəti yarandı və nəticə etibarilə
Azərbaycan neftinin dünya bazarlarına təhlükəsiz və stabil çıxışı təmin olundu.
Bu kəmər ölkəmizin nəinki enerji ixracatçısı, eyni zamanda enerji
təhlükəsizliyinin təminatçısı olan mühüm regional aktora çevrilməsində
həlledici rol oynadı.
İyunun 15-də
dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri
seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz
üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız
Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır
vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin
həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı:
“Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit
olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll
edilməsindən söhbət gedə bilməz”.
Ulu Öndərin
yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya
azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə
çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr
etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və
qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik,
uzaqgörənlik və əzmkarlıq ona Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və
zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin
əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev
irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Beləliklə, bu mühüm tarixi
gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən
etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ötən illər
ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası
məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər
Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin
görmək istədiyi Azərbaycandır. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi
müstəqil respublikamızın davamlı inkişafında özünü aydın göstərir, regionda və
dünyada Azərbaycanın nüfuzu daha da artır.
Ulu öndər
Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış
xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası
olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin
güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. İnamla deyə bilərik
ki, bu siyasət 2003-cü ilin oktyabrından ulu öndər Heydər Əliyev siyasi
kursunun ən layiqli davamçısı - ölkə başçsı cənab İlham Əliyevin rəhbərliyi
altında uğurla həyata keçirilir. Ulu öndər Heydər Əliyevin demokratik
dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti
müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik
məktəbinin banisinə çevrilmişdir. Prezident İlham Əliyevin dövlətçilik
fəaliyyətində siyasi varisliyin təmin edilməsi respublikada davamlı və
dayanıqlı inkişafın baş verməsini şərtləndirmişdir. Azərbaycan Respublikasına
rəhbərlik etdiyi 21 il ərzində Prezident İlham Əliyev dünyada gedən proseslərə,
ölkədə baş verən hadisələrə daim yeni yanaşması, hər hansı bir məsələnin
görsənən və görünməyən tərəflərini birlikdə təhlil edib dəyərləndirməsi, yeni
çağırışlara vaxtında və yüksək səviyyədə cavab verməklə yanaşı, hətta bir çox
hallarda fərqli çağırışların müəllifi kimi çıxış etməsi ilə səciyyələnir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş və qətiyyətli siyasəti
sayəsində Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlər onu söyləməyə əsas
verir ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil dövlət əmin
əllərdədir. Demokratik dövlətdə siyasət xalq naminə və xalqın vasitəsilə həyata
keçirilir. Ən əsası da necə ki, Ümummilli Liderin qətiyyəti xalqa ruh
yüksəkliyi gətirdi, özümüzə inamımızı dirçəltdi, milli şüuru oyatdı, eləcə də
ölkə başçısı həmin inamın davamlı olmasını gördüyü işlərlə təmin edir.
Bu gün
Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç
şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük
Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən
tapdağından azad etməsidir. Bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin
olunması mahiyyət etibarilə Ümummilli Liderimizin müəyyən etdiyi və Prezident
İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata
keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Azərbaycan
heç vaxt indiki qədər güclü olmayıb, xalqımızın çoxəsrlik tarixində buna bənzər
Qələbə olmayıb. Əbədiyaşar Lider haqqında söhbət açarkən Prezident İlham
Əliyevin Şuşa işğaldan azad olunan gün Fəxri xiyabanda Ulu Öndərin məzarını
qürurla ziyarət etməsi, xalqa müraciətində dediyi sözlər yada düşür: “Mən bu
gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu
qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə
yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu
Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları!”
Bundan əlavə
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin
19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin
ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində,
Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi
Zəfərlərimizin zirvəsi oldu. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza
yeni həyat qayıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan,
ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən
ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Xüsusilə də fond tərəfindən
Qarabağ və Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizin bərpası istiqamətində
mühüm layihələr həyata keçirilir. Bir sözlə, Azərbaycan dövləti Qarabağın və
Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlər üçün daha yaxşı
şəraitin yaradılması, illərdir torpaq həsrəti ilə yaşayan insanlarımızın
yurdlarına qovuşması üçün böyük işlər gerçəkləşdirir. Fond tərəfindən tikilən
məktəblərdə çalınan ilk zəng, bərpa edilmiş məscidlərimizdən ucalan azan səsi o
yerlərə qayıdan həyatın rəmzi kimi səslənir. Bu tarixi uğurlar isə vaxtilə Ulu
Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı
İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir. Şübhəsiz, bütün
bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün
Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü siyasi
iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər
Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!
Qeyd edək ki,
regionun söz sahibi olan Azərbaycan beynəlxalq aləmdəki artan nüfuzu ilə
əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Əsası ulu öndər
Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab ilahm Əliyev
tərəfindən uğurla davam etdirilən müasir və müstəqil Azərbaycanın xarici
siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh,
sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas
götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər
təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə,
təhlükəsizliyə töhfə kimi xarakterizə edilir.
15 İyun –
Milli Qurtuluş Günü Azərbaycan tarixində təkcə bir siyasi dönüş nöqtəsi deyil,
eyni zamanda xalqla liderin birliyinin, dövlətçiliyin xilasının və gələcəyə
aparan sabit yolun başlanğıcı olmuşdur. Ulu öndər Heydər Əliyevin ikinci dəfə
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi dağılmaqdan xilas
etmiş, milli dövlətçiliyin təməlini möhkəmləndirmişdir. Bu gün Azərbaycanın
qazandığı bütün uğurların – ərazi bütövlüyümüzün bərpası, beynəlxalq nüfuzun
artması, iqtisadi güclənmə və sabitlik kimi nailiyyətlərin kökündə 1993-cü ilin
15 iyununda atılan qətiyyətli addımlar dayanır.Milli Qurtuluş Günü, həm də
xalqın öz taleyinə sahib çıxmaq iradəsinin və siyasi yetkinliyinin
təntənəsidir. Bu gün biz iftixarla deyə bilərik ki, Ümummilli Liderin başladığı
siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və
Azərbaycan uğurla inkişaf edir. Əldə edilən tarixi Qələbələr də məhz həmin
ideoloji-siyasi təməlin parlaq nəticəsidir. 15 İyun tarixi xalqın birliyini,
əzm və iradəsini, milli ruhunu təcəssüm etdirən müqəddəs gündür. Bu günün
tarixi əhəmiyyəti illər keçdikcə daha aydın görünür və gələcək nəsillərə örnək
kimi çatdırılır. Azərbaycan xalqı üçün 15 İyun təkcə keçmişin deyil, həm də
sabit və parlaq gələcəyin başlanğıcıdır.
Bəxtiyar
Nəbiyev
YAP Yasamal
rayon təşkilatının sədri