"Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir" - QHT sədri

10:11 - 29 İyun 2025

\"Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidir\" - QHT sədri

Yekaterinburqda azərbaycanlılara qarşı törədilən basqınlar bir daha göstərdi ki, Rusiya daxilində etnik azlıqlara qarşı repressiyalar ayrı-ayrı hallarla məhdudlaşmır, bu, sistemli və ideoloji əsaslara söykənən dövlət siyasətinin nəticəsidir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə hücumu nəticəsində həmvətənlərimizin həlak olması, bəzilərinin ağır bədən xəsarətləri alması və doqquz nəfərin saxlanılması, Rusiyanın imperialist və millətçi mahiyyətini bir daha açıq şəkildə ortaya qoyur.


Bunu Manset.az-a açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, bu, yalnız azərbaycanlılara qarşı etnik zəmində törədilən cinayət deyil, eyni zamanda Rusiyanın qeyri-rus xalqlara qarşı yürütməkdə davam etdiyi şovinist və raşist siyasətin təzahürüdür. İyirmi birinci əsrdə beynəlxalq ictimaiyyət bu siyasəti "raşizm" – rus faşizmi – kimi tanıyır. Raşizm – Vladimir Putinin rəhbərlik etdiyi Kremlin ideoloji xəttinə çevrilmiş, millətçi, militarist və imperialist elementləri özündə birləşdirən təhlükəli bir yanaşmadır.

Tarixi Rusiya ideologiyasının əsas sütunlarından biri türklərə, xüsusilə də azərbaycanlılara qarşı sistemli düşmənçilikdir. Yaxın tarixə nəzər saldıqda aydın olur ki, son 2-3 əsrdə Rusiya imperiyasının Qafqazdakı siyasəti əsasən Azərbaycana qarşı yönəlib və bölgədə baş verən bir çox faciələrin arxasında məhz bu imperiya dayanıb. Müasir dövrdə bu siyasətin izlərini 1990-cı ilin 20 Yanvar qırğınında, Xocalı soyqırımında və Ermənistanın işğalçılıq siyasətinə göstərilən açıq dəstəkdə aydın şəkildə görmək mümkündür.

QHT sədri qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən son etnik terror bu düşmən münasibətin daha bir rəsmi təzahürüdür. Rusiya dövləti hələ də öz ərazisində AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə nə üzr istəyib, nə də məsuliyyət daşıyıb. Bu susqunluq Kremlin "velikorus" şovinizmini və imperiya siyasətini dəstəklədiyinin bariz göstəricisidir. Tarixi təkrar edən bu siyasətin ideoloji təməlində Putinin rəhbərlik etdiyi Kremlin raşist baxışları dayanır. Bu ideologiya təkcə xarici siyasətdə deyil, eyni zamanda, daxili siyasətdə də rus olmayan xalqlara qarşı diskriminasiyanın əsasını təşkil edir.

Rusiyanın daxilində yaşayan milyonlarla azsaylı xalqlar bu ayrı-seçkiliyin qurbanlarıdır. Müharibəyə göndərilən hərbi kontingentin əsas hissəsinin qeyri-rus xalqlar arasından seçilməsi də təsadüfi deyil. Xüsusilə müsəlman mənşəli şəxslərin ön cəbhəyə göndərilməsi, Kremlin irqçi və faşist siyasətinin bariz sübutudur.

Məşhur rus publisisti Aleksandr Nevzorov qeyd edir ki, şovinizm və imperializm rus cəmiyyəti üçün hər şeyi əvəz edən bir növ “alkoqol” kimidir. Onun sözlərinə görə, Putin bu ideologiyanı zəhərli və yoluxucu bir “epidemiya”ya çevirib. Necə ki, 20-ci əsrdə "qəhvəyi vəba" (nasizm) dünyanı təhdid edirdi, bu gün də "raşizm" bənzər təhlükəni yaradır. Raşizm təkcə digər xalqlar üçün deyil, elə rus xalqı üçün də böyük faciəyə çevriləcək. Bu siyasətin sonu parçalanma, daxili qarşıdurma və özünüməhv olacaq.

Yekaterinburqda baş verən hadisələr insanlığa qarşı cinayət kimi qiymətləndirilməli, bu cinayətlərə göstəriş verənlər beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır. Əgər Rusiya dövləti bu basqınları rəsmi siyasət olaraq qəbul etmirsə, dərhal üzr istəməli və günahkarları cəzalandırmalıdır”, - deyə C.Hüseynzadə əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az