29 iyunda Portoda işinə
başlayan ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Asambleyanın 3-cü
Komitəsinin hesabat və qətnamə layihəsi üzrə müzakirələr çərçivəsində
Azərbaycan nümayəndə heyətinin üzvü
Azay Quliyev çıxış edib. O, məruzəçi xanım Karinanın müvafiq sənədlərin
hazırlanmasında göstərdiyi səylərə və obyektiv yanaşmasına görə təşəkkürünü
bildirib.
Manset.az xəbər verir ki, Azay Quliyev xüsusilə Ermənistan və Azərbaycan arasında dövlətlərarası
normallaşma prosesi ilə bağlı ədalətli və balanslaşdırılmış mövqeyin
qorunmasını vacib hesab edib. O xatırladıb ki, bu məsələ ilə bağlı ATƏT PA
Bürosunun bu ilin aprel ayında
Kopenhagendə keçirilən iclasında geniş və gərgin müzakirələr aparılıb.
"Xanım Karinanın həmin müzakirələr zamanı tərəfimdən səsləndirilən bir çox fikirlərin, xüsusilə də 52-ci paraqrafın
formalaşmasında nəzərə almasını alqışlayıram. Həmin bənd hazırkı reallıqları
daha balanslı və doğru əks etdirir. Paraqrafın
mətninin məhz bu şəkildə seçilməsi bölgədə gərginliyi artırmamaq və
davam edən sülh prosesini dəstəkləmək məqsədi daşıyır", – deyə o bildirib.
Lakin Azay Quliyev Ermənistan nümayəndə heyəti tərəfindən irəli sürülmüş
dəyişiklik təkliflərinin, xüsusilə
də 14 saylı düzəlişin sözügedən bəndin ruhuna və məzmununa zidd olduğunu
vurğulayıb: "Bu düzəliş,
təəssüf ki, Bürodakı razılaşdırılmış mətnin mahiyyətini ciddi şəkildə pozur və
artıq keçmişdə qalmış, günümüzün sülh gündəliyində yeri olmayan 'Dağlıq
Qarabağ' kimi anlayışları yenidən gündəmə gətirir."
Deputat əlavə edib ki, bu cür yanaşma barışığı təşviq etmək əvəzinə, qəsdən
təxribat yaratmağa, əldə olunmuş irəliləyişi geriyə aparmağa və tərəflər
arasında qurulmuş kövrək etimadı sarsıtmağa xidmət edir.
"Bunu da unutmayaq ki, bu
təklifin müəllifi Lilit Qalstyanın
mənsub olduğu siyasi qüvvə, daşnaklar
tarixən Ermənistanla Azərbaycan arasında sülh və barışığa qarşı çıxaraq etnik
qarşıdurmaları qızışdırmaqla məşğul olub. ATƏT PA kimi nüfuzlu qurum bu cür
destruktiv çağırışlara meydan verməməlidir," – deyə Azay Quliyev bəyan
edib.
Sonda o, həmkarlarını 14 saylı düzəlişin rədd edilməsinə çağıraraq bildirib:
"Əgər bu düzəliş qəbul edilməzsə, bizim
tərəfdən əlavə təkliflərə ehtiyac qalmayacaq və ilkin balanslı mətn
olduğu kimi saxlanılacaq. Bu,
sülh prosesinə verilən ən doğru töhfə olacaq."