"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Səudiyyə
Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibəsində 1918-ci ilin
mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin 1920-ci ilin aprelində Rusiya ordusunun Azərbaycana daxil
olub onu işğal etməsi nəticəsində süqut etməsi ilə bağlı verdiyi açıqlamalar
barədə Rusiya mətbuatında və sosial mediasında gedən müzakirələr və sərgilənən
münasibət tam əsassızdır və ikrah hissi doğurur".
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib. O qeyd edib ki, bəzi Rusiya rəsmilərinin Prezident İlham Əliyevin bu açıqlamalarına qarşı çıxması əslində obyektiv tarixi həqiqəti inkar cəhdidir:
"Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi faktını pisləmək əvəzinə, bəzi Rusiya rəsmilərinin susması və ya əks mövqedən çıxış etməsi Rusiyada imperiya düşüncəsinin hələ də aradan qalxmadığını göstərir. Bu, gerçək tarixi faktları və həqiqətləri inkar etməkdən də betərdir. Bu, Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayəti müdafiə etmək, imperiya xislətini qoruyub saxlamaq cəhdidir. Belə mövqelər sadəcə yolverilməz deyil, həm də siyasi riyakarlığın, ikiüzlülüyün və müstəmləkəçi zehniyyətin açıq göstəricisidir.
Tarixi həqiqət budur ki, Şimali Azərbaycan XIX əsrin
əvvəllərindən Rusiya tərəfindən işğal edilib. 1813-cü il Gülüstan və 1828-ci il
Türkmənçay müqavilələri ilə Azərbaycan Rusiya və İran arasında iki hissəyə
bölünüb. Azərbaycan xalqının uzun illərdən bəri apardığı milli azadlıq hərəkatının
yekunu kimi 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Azərbaycan Xalq
Cümhuriyyəti yaradılıb. Bu dövlət 1920-ci ilin 28 aprelinədək müstəqil
respublika olaraq mövcud olub və beynəlxalq birlik tərəfindən tanınıb. 1920-ci ilin
aprelində 72 minlik XI rus sovet ordusunun Azərbaycana daxil olması və Bakını
işğal etməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradılıb və Azərbaycan
işğal edilib. Azərbaycan xalqı bu işğala qarşı güclü dirəniş göstərib. Azərbaycanda
rus işğalına qarşı 50-dən çox silahlı üsyan baş verib, lakin qüvvələr nisbətinin
qeyri-bərabər olması səbəbindən bu üsyanlar qan içində boğulub və xalqın dirənişi
qırılıb".
Millət vəkili diqqətə çatdırıb ki,1920-ci ilin aprelində Rusiya ordusunun Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi yalnız müstəqil bir dövlətin suverenliyinə qarşı yox, bütün türk-müsəlman dünyasının azadlıq ideallarına qarşı törədilən amansız hərbi cinayət idi:
"Bu, tarixdə azadlıq və demokratiyaya qarşı ən qəddar
hücum nümunələrindən biri, bəşəriyyətin azadlıq dəyərlərinə açıq təhqir idi. Azərbaycan
xalqının qanı bahasına qurduğu ilk demokratik respublika hərbi təcavüz nəticəsində
görünməmiş qəddarlıqla məhv edildi, bütün ölkə ərazisi işğal edildi və xalq zorla
əsarətə götürüldü.
Bunun ardınca, 1920-ci ilin dekabrında Zəngəzurun qərb
hissəsinin Ermənistana verilməsi isə Azərbaycanın geosiyasi bütövlüyünü qəsdən
məhv etmək üçün atılmış xəyanətkar addım idi. Bu qərarla Azərbaycan xalqının
iradəsinə zidd olaraq ölkənin ərazi bütövlüyü pozuldu, Naxçıvan ərazisi Azərbaycanın
digər ərazilərindən zor gücünə ayrı salındı və dövlətçiliyimizə ən ağır
strateji zərbə vuruldu. Bu bədnam qərarın ağır nəticələri bu gün də öz
aktuallığını saxlayır və milli maraqlarımıza təhdid təşkil edir".
Deputat söyləyib ki, tarixin təhrif edilməsi gələcək nəsillərə yalan təqdim etməkdir, müasir reallıqların inkarı isə Azərbaycanın öz torpaqlarını azad edərək və suverenliyini bərpa edərək regionda güclü dövlətə çevrildiyi gerçəyinin qəbul olunmamasıdır:
"Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi
müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqlarının müdafiəsi
və gerçək tarixi həqiqətlərin bəyan edilməsi baxımından tamamilə əsaslıdır,
obyektivdir və gerçək tarixi faktlara söykənir. Bəzi Rusiya rəsmilərinin
etirazı və sərgilədiyi mövqe isə əslində Azərbaycanın haqlı mübarizəsinə və
yaratdığı yeni reallıqlara qarşı açıq düşmənçilikdir, eyni zamanda bu, tarixi
faktları inkar və tarixi təhrif etmək cəhdidir ki, bu mövqe qəbuledilməzdir və
qətiyyətlə rədd edilməlidir".