QHT.az xəbər verir ki, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva ölkədə həyata keçirilən sosial islahatların əhəmiyyətindən danışıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı ardıcıl sosial islahat paketləri əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə verib. Təkcə V sosial islahat paketi çərçivəsində illik 7,6 milyard manat əlavə vəsait ayrılıb və bu, təxminən 4 milyon insanı əhatə edib.
Sosial islahat paketlərinin dinamikası isə belə olub:
I Paket (2019) – 3 milyon insanı əhatə edib, 1,9 milyard manat ayrılıb.
II Paket (2019-2020) – 2,1 milyon insanı əhatə edib, 2 milyard manat ayrılıb.
III Paket (2021-2022) – 3,4 milyon insanı əhatə edib, 2,1 milyard manat ayrılıb.
IV Paket (2023) – 1,9 milyon insanı əhatə edib, 0,75 milyard manat ayrılıb.
V Paket (2025) – 1,9 milyon insanı əhatə edib, 0,885 milyard manat ayrılıb.
Zülfiyyə Nuriyevanın sözlərinə görə, bu tədbirlər nəticəsində əhalinin gəlir göstəriciləri xeyli artıb. Orta əməkhaqqı 2018-ci ildəki 545 manatdan 2025-ci ildə 1097 manata yüksəlib. Əməkhaqqı fondu isə 3,1 dəfə artaraq 0,5 milyard manatdan 1,6 milyard manata çatıb:
"Pensiyalar sahəsində də ciddi irəliləyişlər əldə olunub. Minimum pensiya 2,9 dəfə artaraq 110 manatdan 320 manata, orta aylıq pensiya 2,6 dəfə artaraq 208 manatdan 539 manata, yaşa görə pensiya isə 2,5 dəfə artaraq 234 manatdan 574 manata yüksəlib. Bundan başqa, müavinət və təqaüdlər 47% artaraq 1500 manatdan 2200 manata çatdırılıb. Ünvanlı dövlət sosial yardımı (ÜDSY) 2,5 dəfə artaraq 175 manatdan 439 manata yüksəlib. Yaşayış minimumu 65% artaraq 173 manatdan 285 manata, ehtiyac meyarı isə 2,2 dəfə artaraq 130 manatdan 285 manata çatıb. Cənab Prezident İlham Əliyevin imzaladığı sosial islahat paketlərinin əsas məqsədi vətəndaşların sosial təminatının gücləndirilməsi, sosial xidmətlərin yüksək səviyyədə təşkili və əhalinin rifahının daha da yüksəldilməsidir".